Dünya Səhiyyə Təşkilatının (DST) xərçəng xəstəliyi üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (BXAA) 40 ölkədən 250 alimin iştirakı ilə xərçəng xəstəliyinin tədqiqi və ona nəzarət üzrə hesabat hazırlayıb.
ANS PRESS-in məlumatına görə, "Ümumdünya Xərçəng Hesabatı – 2014" adlı hesabatın Azərbaycanla bağlı hissəsində yazılıb ki, kişilərdə ən çox rast gəlinən ağciyər, qadınlarda isə döş xərçəngi xəstəliyidir. Kişilər arasında hər 100 min nəfərə düşən xərçəng xəstəsinin sayı 165.8, qadınlar arasında isə 124 nəfərdir.
Kişilərdə xərçəngdən ölüm halları hər 100 min nəfərə 118.7, qadınlarda 73.3 nəfərdir. Kişilər (15 yaşdan yuxarı) arasında siqaret çəkmə halı 44.9%, qadınlarda 0.9% təşkil edir. Kişilər (20 yaşdan yuxarı) arasında artıqçəkilik – 52%, qadınlar arasında 61.9%-ə çatıb.
Azərbaycanda 2013-cü ildə 9.1 min nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 100 min nəfərinə bu göstərici 98 nəfər təşkil edib. Ötən ilin əvvəlində tibb müəssisələrinə bu xəstəliklə qeydiyyatda olanların sayı hər 100 min nəfərə 371 nəfər olub.
Qadınlar arasında süd vəzisinin, uşaqlıq boynunun, mədənin, yumurtalığın, kişilər arasında isə traxeyanın, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı və onlara mənşə-quruluşca yaxın toxumların, düz bağırsağın bədxassəli şişləri ilə xəstələnmə halları daha çox olub.
Bildirilir ki, xərçəngə qarşı qlobal mübarizədə qalib olmaq üçün, sadəcə, xəstəliyi müalicə etmək yetərli deyil. Potensial xərçəng böhranının qarşısı təcili qabaqlayıcı tədbirlərlə alınmalıdır.
BXAA-nın direktoru və hesabatın həmmüəllifi doktor Kristofer Vild deyib ki, qlobal xərçəng yükündəki bu cür artıma cavab verə bilmək üçün qabaqlayıcı və erkən diaqnoz imkanları çox təcili təkmilləşdirilməlidir.
2012-ci ilin hesablamalarına görə, dünya üzrə hər il 14 milyon yeni insanda xərçəng xəstəliyi aşkarlanırdısa, növbəti 20 ilə bu rəqəmin 22 milyona çatacağı gözlənilir. Eyni dövrdə xərçəngdən ölüm hallarının ildə 8.2 milyondan 13 milyona qalxacağı proqnozlaşdırılır. Hazırda ən çox rast gəlinən xərçəng xəstəlikləri sırasında ağciyər xərçəngi birinci (1.8 milyon hal, bütün xərçəng xəstəliklərinin 13%-i), döş xərçəngi ikinci (1.7 milyon, 11.9%), yoğun bağırsaq xərçəngi üçüncüdür (1.4 milyon, 9.7%). Ölümlə nəticələnən xərçəng xəstəliklərinə gəlincə, ilk yeri yenə ağciyər (19.4%), ikinci yeri qaraciyər (9.1%), üçüncü yeri isə mədə xərçəngi (8.8%) tutur.
Əhalisinin daha sürətlə artması səbəbindən inkişaf etməkdə olan ölkələr xərçəng xəstəliyi halları ilə daha tez-tez rastlaşırlar. Dünya xərçəng xəstəliyi hallarının 60%-indən çoxu Afrika, Asiya, Mərkəzi və Cənubi Amerikanın payına düşür. Həmçinin, xərçəngdən ölüm hallarının 70%-nə adıçəkilən regionlarda rast gəlinir. Başlıca səbəb erkən diaqnoz imkanlarının zəif olması və müalicənin əlçatan olmamasıdır.
İnkişaf etməkdə olan ölkələrdə müalicənin qiyməti münasib olsaydı, ölüm halları xeyli azalardı. Ancaq xəstəliyin geniş yayılması hətta zəngin ölkələrin iqtisadiyyatına baha başa gəlir. 2010-cu ildə xərçəng dünyanı 1.16 trilyon dollar xərcə salıb. Ancaq xəstəliyə dair mövcud biliklər adekvat tətbiq olunsaydı, xərçəng halları ikiqat azalardı.
Mənbə: ANS PRESS