“Təbii ki, manata keçid Azərbaycan valyutasının regional valyuta kimi tanınmasında və möhkəmlənməsində ciddi rol oynaya bilər”.
Milli.Az axar.az-a istinadən bildiroir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, İranın Azərbaycanla olan iqtisadi əlaqələrdə dollarla deyil, regional valyuta ilə ticarət qurmaq istəyinə münasibət bildirərkən qeyd edib:
“Bunun həyata keçirilməsi üçün bir neçə addımın atılması vacibdir. Çünki Azərbaycanda manat stabil olsa da, İranın milli valyutası rial oynaq kursa malikdir. Bu da ticarət aparan subyektlərin müqavilə bağlayarkən malın təslimatında aparılan hesablamalarda müəyyən çətinliklər yarada bilər. Ona görə də Azərbaycan və İran iş adamları kontrakt bağlayarkən bu məsələləri nəzərə alaraq valyutanı ya dollarla, ya da avro ilə indeksləşdirməyə çalışırlar.
Təbii ki, alış-verişin milli valyutaya hesablanması mümkünsüz məsələ deyil. Azərbaycan və İranın bank sistemləri bu məsələyə adaptasiya olsalar, müəyyən müddətdən sonra belə bir ticari əlaqə yaratmaq mümkündür. Əgər kontraktlar milli valyuta üzərindən bağlanacaqsa, manatla olan müqavilələrin sayı çox olmalıdır. Manatın hələ ki, stabil kursu buna şərait yaradır”.
Rialın stabil bir kursa malik olmadığına diqqət çəkən iqtisadçı yarana biləcək problemləri də nəzərə çatdırıb:
“Rialın kursunda oynaqlıq olduğundan, Azərbaycanın İran milli valyutası ilə alış-veriş etməsi, kontraktlar bağlaması, onlardan həmin müqavilələr əsasında əldə olunmuş rialı yenidən dollara və ya avroya çevirməyə ehtiyac yaradacaq. Bu kursun oynaqlığı müqavilələrin stabilliyinə zərər gətirəcək. Ona görə də riala yox, manata indeksləşmiş müqavilə Azərbaycan üçün daha məqsədəuyğundur. Azərbaycanın milli valyutalarla ödənişə keçməsi qərarı qətiləşsə, müqavilələr manat üzərindən aparılmalıdır”.
Mənbə: Milli.Az