Qadin.NET / Türkiyənin bu yeniliyindən Azərbaycan da qazanacaq

Türkiyənin bu yeniliyindən Azərbaycan da qazanacaq

 

 

“Türkiyənin qiymətli daşlar bazarını genişləndirmək üçün kifayət qədər böyük bacarığı və imkanları var”.Milli.Az xəbər verir ki, bu sözləri Axar.Az-a açıqlamasında iqtisadçı ekspertRəşad Həsənov Türkiyənin qiymətli daşlar üzrə dünya brendinə çevrilməklə bağlı yeni layihəsini şərh edərkən deyib.
İqtisadçı bildirib ki, Türkiyə 75 milyonluq bazarından əlavə, dəyərli daşların ən çox istehsal olunduğu Belçikanın Antverp şəhəri, London, Nyu York, Təl Əviv, Amsterdam və Hindistan kimi mərkəzlərlə çox geniş ticarət əlaqələri aparır:
“Bu ticarət əlaqələri Türkiyəyə bu ölkələr üzrə məhsullarının diversifikasiyasına imkan verir. Nəzərə alsaq ki, belə məhsullara xüsusilə şərq ölkələrində tələbat daha yüksəkdir, o zaman Türkiyənin bu işdə uğur ehtimalı olduqca böyükdür. Türkiyənin atacağı bu addım bir başa Azərbaycana da təsir göstərəcək. Bu təsir qiymətli daşlar bazarında qiymət azalması istiqamətində olacaq. Çünki Türkiyə öz istehsalı zamanı digər alternativ istehsalçı ölkələrlə rəqabət aparmaq istəyəcəksə, onda bazarlarda məhsulların qiymətini daha aşağı qiymətə təklif etməyə məcbur olacaq”.
İqtisadçı onu da bildirib ki, qızıl məhsullarının böyük bir qisminin ölkəmizə Türkiyədən gətirildiyini nəzərə alsaq, bu sahədə fəaliyyət göstərən biznes subyektləri qiymətli daşların gətirilməsində də maraqlı olacaqlar:
“Yəni Türkiyə dünyanın qabaqcıl qiymətli daşlarının istehsal edildiyi ölkələrdən birbaşa xam maddəni əldə etməklə bu işin brendinə çevriləcəksə, bu zaman məhsulların qiymətinin aşağı düşmə ehtimalı da böyük olacaq. Eyni zamanda, daşınma xərclərinin azalması baxımından da Azərbaycan üçün önəmli bir üstünlük olacaq”.
Xatırladaq ki, Türkiyə qiymətli daşlar sahəsində bir ilkə imza ataraq dünyanın bu işrə üzrə ən böyük mərkəzlərindən - Rusiya, Kanada, Afrikadan yalnız xam maddə idxal etməklə almas, yaqut, zümrüd kimi qiymətli daşların istehsalında bir dünya brendinə çevrilməyi hədəf seçib. Böyük bir layihənin gerçəkləşdirilməsi üzrə Ankarada görüşlər davam etdirilir. Hətta bu yaxınlarda ən çox qiymətli daşın çıxdığı Afrikaya mühüm səfər də gözlənilir.

Mənbə: Milli.Az

3 fevral 2015
GO BACK