Qadin.NET / Qarabağı necə alaq?

Qarabağı necə alaq?

Qarabağı necə alaq?
Regiondakı son proseslər Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsini yenidən gündəmə gətirib. Sanksiyalar məngəsində boğulan Rusiyanın regionun ən qüdrətli ölkəsi Azərbaycanın dəstəyini qazanmaq üçün addımlar ata biləcəyi istisna edilmir. Bəs görəsən rəsmi Moskva Azərbaycanı yeni ittifaqa qatmaq üçün hansı addımlara əl ata bilər? Bu addımlar bizim xeyrimizə olacaq, ya əksinə? Politoloqlar Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olma ehtimalı ilə bağlı danışıblar. Politoloq Qabil Hüseynli ANS PRESS-ə açıqlamasında Dağlıq Qarabağın vertikal şəkildə Bakıya tabe etdirilməsindən sonra Azərbaycanın Avrasiya İttifaqına daxil olması mümkün olacağını bildiridi. "Bu halda Azərbaycanın əldə etdikləri itkilərindən çox olacaq. Ola bilsin bu istiqamətdə konfidensial danışıqlar gedir. Rusiyanın da əldə etdiyi dividentlər bu halda daha yüksək olacaq. Bununla belə bu ssenarinin həyata keçməsini utopik görürəm. Çünki bu ssenari açıq şəkildə gündəmə gətirilməyib". Politoloq Tofiq Abbasov isə Azərbaycanın Dağlıq Qarabağla Avrasiya İttifaqına qoşulmasının yaxın prespektivdə gözlənilmədiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, özünün inkişaf prioritetləri var və bunu sürətlə həyata keçirməkdədir:"Bu inkişaf konsepsiyaları ilə Azərbaycan bütün problemlərini ittifaqlara qoşulmadan həll etmək iradəsini ortaya qoyub. Bu baxımdan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulacağı gözlənilmir. Birinci Avrasiya İttifaqının de-fakto üzvü olan Ermənistan Azərbaycan ərazisini işğal edib. Azərbaycan işğalçı ölkə ilə bir ittifaqda ola bilməyəcəyini dəfələrlə bəyan edib. İkinci bir tərəfdən Rusiyanın forpostu hesab olunan Ermənistanın siyasi gündəmi təkcə Moskvadan deyil, erməni diasporu və erməni kilsəninin də təsirindədir. Və bu təsirlər zaman-zaman Azərbaycana yeni ərazi iddialarının ortaya çıxmasında özünü göstərir. Ermənilər özləri etiraf edirlər ki, diasporun köməyi olmasa yaşaya bilməzlər. Avrasiya İttifaqına qoşulan Ermənistan işğal olunmuş Azərbaycan əraziləri ilə arasında gömrük postları yaratmağa hazırlaşır. Çünki Azərbaycan Avrasiya İqtisadi İttifaqı yaranan zaman öz mövqeyini aydın şəkildə ortaya qoydu. Qazaxıstan prezidenti də bildirdi ki, bu məsələdə rəsmi Bakının mövqeyi nəzərə alınacaq. Bütün bunlar isə onu deməyə əsas verir ki, hələlik Azərbaycanın Dağlıq Qarabağla birlikdə Avrasiya İttifaqına qoşulmasına zəmin yaranmayıb".

Mənbə: ANS PRESS

2 fevral 2015
GO BACK