Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədr müavini-icra katibi Əli Əhmədov separatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə “hökm” çıxarılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməsinə və öldürülmüş Həsən Həsənova qarşı işgəncə ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işinin qaldırılmasına münasibət bildirib.
APA-nın məlumatına görə, Ə. Əhmədov deyib ki, 20 ildən artıqdır, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı müvafiq beynəlxalq təşkilatların çıxardığı qərarlara Ermənistan əhəmiyyət vermədiyi üçün bu məsələ ilə bağlı da beynəlxalq təşkilatların çıxaracağı qərarın yerinə yetirilməsinə azərbaycanlılarda inamsızlıq var.
O qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi məsələnin ədalətli həll olunması üçün əlindən gələni edəcək: “Bu da aydındır ki, bu prosesin özü Ermənistanın nə dərəcədə təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirir”.
Mənbə: Milli.Az