Müntəzəm olaraq qida rasionumuza daxil etdiyimiz yumurtanın sağlamlıq üçün dəyəri haqqında çox şeylər bilsək də, yumurta qabığındakı faydalardan yəqin ki, çoxları xəbərsizdir.Milli.Az Modern.Az-a istinadən xəbər verir ki, Amerika və Hollandiya alimləri yumurta qabığını rəsmi kiliniki sınaqdan keçirərək, aşkar ediblər ki, o ideal və təbii kalsium mənbəyidir. Bununla yanaşı, yumurta qabığının tərkibi insan orqanizmi üçün vacib olan fosfor, maqnezium, kalium, natrium, dəmir, mis, silisium, amin turşuları və digər komponentlərlə zəngindir.
Yumurta qabığı orqanizm tərəfindən olduqca asan mənimsənilir.
Tərkibinə görə yumurta qabığı insanın sümüklərinə və dişlərinə oxşayır. O beyin hissədə olan sümüklərdə qan hücəyrələrinin istehsalında fəal iştirak edir.
Yumurta qabığı ürək və göz əzələlərinə müsbət təsir göstərərək onları möhkəmləndirir.
Sinir sistemi üçün də yumurta qabığı xeyirlidir.
Həmçinin qəbzlik zamanı yumurta qabığı effektli təsirə malikdir.
Dırnaqları və saçları kövrək olanlar üçün yumurta qabığı əvəzolunmaz təbii dərman vasitəsidir.
Mədədə olan ağrılardan qurtulmaq üçün 10 gün ərzində gündə bir dəfə yeməkdən qabaq yumurta qabığından istifadə etmək problemi aradan qaldırır.
Hələ qədim vaxtlardan xalq təbabətində böyrəklərdə və sidik kisəsində daşları parçalamaq üçün yumurta qabığından istifadə ediblər. Bunun üçün üzüm şirəsinə yumurta qabığı əlavə olunur və gün ərzində 10 qram qəbul edilir.
Kiçik yaşlı uşaqlar üçün yumurta qabığı olduqca faydalıdır. Kalsiumla zəngin olan yumurta qabığını bir yaşdan başlayaraq uşaqların qida rasionuna daxil etməklə onlarda sümüklərin inkişafı və möhkəmlənməsi təmin olunur.
Azyaşlı uşaqlarda rast gəlinən raxit xəstəliyinin müalicəsində yumurta qabığını təbii dərman saymaq olar.
Bəs yumurta qabığını istifadəyə necə hazırlamalı?
Bunun üçün çiy yumurta isti suda sabunla yuyulur, axar suda yaxşıca yaxalanır. Sonra yumurtanın ağı və sarısı boşaldılır, qabıqlar yenidən yuyulur. Yuyulmuş qabıqlar 3-4 saat ərzində isti otaqda saxlanılaraq qurudulur. Günəş şüaları altında qabıqların qurudulması məsləhət görülmür. Quruduqdan sonra üyüdücüdə toz halına düşənə qədər üyüdülür.
Uşaqlar üçün istifadə olunacaq yumurtanın qabığını qurutmamışdan qabaq 5 dəqiqə qaynar suda saxlanılması tövsiyə edilir.
Hazırlanmış yumurta qabığını 1-2 qram sıyıqlara, kəsmiyə, süzməyə əlavə etməklə istifadə etmək olar. Yaxud həmin miqdarda yumurta qabığının üzərinə 1-2 damcı limon şirəsi əlavə edib qəbul etmək də olar.
Yumurta qabığından istifadə etdikdə kənd yumurtasına üstünlük verilməlidir və orqanizmin fərdi xüsusiyyətlərini, bu vasitə ilə müalicə uyğunluğunu müəyyənləşdirmək üçün həkimlə məsləhətləşmək vacibdir.
Mənbə: Milli.Az