Gümrüdə Avetisyan ailəsinin qətlə yetirilməsi faktı üzrə Ermənistanın İstintaq Komitəsi tərəfindən qaldırılan cinayət işi araşdırılsa da, hələ bu günədək ittiham edilən Valeri Permyakov barəsində məhkəmə-psixiatrik və ya məhkəmə-psixoloji ekspertiza təyin edilməyib.ANS PRESS-in məlumatına görə, Ermənistan mətbuatı yazır ki, bu barədə İstintaq Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
"Permyakov barəsində ittihamlar üzrə əlavə hansı ehtiyat tədbirləri seçilib" sorğusuna komitədən belə cavab gəlib: "Əlbəttə, Ermənistanın Prosessual Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, ehtiyat tədbirləri məcburidir və şübhəli, yaxud ittiham edilən barəsində tətbiq olunur. Bu, cinayət işi üzrə istintaqın gedişatında, həmçinin hökmün icrasının təmin olunması zamanı onların lazımsız davranışlarının qarşısının alınması məqsədi ilə edilir.
Ölkə mətbuatı isə Valeri Permyakov barəsində məhkəmə-psixiatrik və ya məhkəmə-psixoloji ekspertizanın indiyədək təyin edilməməsinin, bunun müxtəlif bəhanələrlə yubadılmasının məqsədli şəkildə olunduğunu yazıb. Görünür, Ermənistanın indiki hakimiyyəti rus hərbçini ciddi cəzadan yayındırmaqla Rusiyanın xoşuna gəlməyə çalışır. Sakinlər isə etiraz aksiyalarının davam edəcəyini bildiriblər.
Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov Gümrü şəhərində yeddi nəfərlik ailəni öldürüb.
Mənbə: Milli.Az