Qadin.NET / TQDK-dan sərt qərar

TQDK-dan sərt qərar

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçini bazasından xaric edib. Trend-in məlumatına görə, bunu Komissiyanın sədri Məleykə Abbaszadəali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında xüsusi fərqlənən nəzarətçi-müəllimlərin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub.
Fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 258 saylı məktəbindən 14 nəfər; 263 və 271 saylı məktəblərinin hər birindən 12 nəfər ; 13, 73 və 283 saylı məktəblərin hər birindən 11 nəfər; 93, 114, 157, 285 və 266 saylı məktəblərin hər birindən 10 nəfər; 36, 39, 55, 99, 129, 135, 144, 150, 191, 286, 290, 299 saylı məktəblərinin hər birindən isə 9 nəfər nəzarətçi-müəllim xüsusi olaraq seçilirlər. Regionlar üzrə isə Gəncə şəhərinin 6 saylı məktəbi 10 nəfər, Şəki şəhərinin 11 saylı məktəbi 13 nəfər, Lənkəran şəhərinin 7 saylı və xarici dil təmayüllü internat tam orta məktəbinin hər biri 12 nəfər; 3, 5 və 10 saylı məktəblərin hər birindən 11 nəfər, 2 saylı məktəbi isə 10 nəfər nəzarətçi-müəllimi ilə fərqlənir.
M.Abbaszadə deyib ki, TQDK tərəfindən araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.
Komissiya sədrinin sözlərinə görə, indiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2017 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 248 müəllim fəxri fərmanlarla təltif edilib.
M.Abbaszadə əlavə edib ki, gələcəkdə daha yaxşı nəzarətçi-müəllimlər daha yüksək kateqoriyaya layiq görüləcək, yəni imtahan rəhbəri olacaqlar. Onun sözlərinə görə, nəzarətçi-müəllimlərin imtahanda özunu necə aparması imtahanın keyfiyyətinə təsir edir: "Bu gün mükafatlandırılan nəzarətçilər ən azı 30 imtahanda iştirak ediblər və hər birində yüksək nəticə göstəriblər. Onların auditoriyasında heç bir köçürmə və qanun pozuntuları olmayıb".
TQDK sədri bildirib ki, 2014-cü ilin sonunda aparılan araşdırmanın nəticəsinə görə, regionda imtahanda iştirak edən nəzarətçi-müəllimlərə, imtahan rəhbərinə ödənilən məvacib 1 milyon manatdan çox olub. Bu da region müəllimləri və regionların inkişafı üçün kifayət qədər maliyyə dəstəyidir: "Fərqlənən müəllimlər arasında "Riyaziyyat" və "Ana dili" üzrə fənn müəllimləri yoxdur. Çünki imtahanlara hər zaman qeyri-fənn müəllimləri cəlb olunur. Buraxılış imtahanları isə "Ana dili" və "Riyaziyyat"dan olduğu üçün həmin imtahanlara qeyri-fənn müəllimləri cəlb olunur. Buna görə də "Ana dili" və "Riyaziyyat" müəllimləri 30 imtahan parametri yığmadığı üçün mükafatlandırılanlar siyahısında yoxdur".

Mənbə: Milli.Az

 

29 yanvar 2015
GO BACK