Qadin.NET / Bakıda qiymətlər artdı?

Bakıda qiymətlər artdı?

 

Bakıda qiymətlər artdı?

Bəzi ölkələrin bəzi məsələlərdə razılığa gələ bilməməsi digər ölkələrə təsirsiz ötüşmür. Bəzi mütəxəssilərin fikrincə Rusiya bazarlarındakı dəyişikliklər Azərbaycana öz təsirini göstərə bilər.ANS TV-nin məlumatına görə, son vaxtlar Rusiya ətrafında gedən proseslər, qonşu ölkələrlə yanaşı Azərbaycanın da iqtisadiyyatına müxtəlif təsirlər göstərməkdədir. Bir neçə ay bundan əvvəl Rusiya Avropadan alınan ərzaq və meyvə-tərəvəzlərə qadağa qoyduqdan sonra, Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların qiymətilə yanaşı, həcmi də artdı. İqtisadçı ekspertlərin çoxu yaxın vaxtlarda bu təsirlərin meyvə-tərəvəzlə yanaşı, ət-məhsullarına da təsir edəcəyini praqnozlaşdırır. Onların fikrincə, ət məhsullarına olan təlabatın artması qiymət artımını qaçılmaz edəcək. Hazırda bazarlarda vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün, üz tutduq paytaxdakı alış-veriş mərkəzlərinə. Burada qəssablardan öyrəndik ki, son bir neçə ayda istər diri heyvanın alınmasında, istərsə də kəsilmiş ətin qiymətində elə bir dəyişiklik yoxdur.
“Qiymət artımı yoxdur. Ət 8 manatdır, quzu əti isə 10 manat. Alıcılar da kifayət qədər var. Heç bir narazıçılıq da yoxdur” – deyə qəssab Ehliyar Əliyev bildirib. 
Hətta bəzi bazarlarda qəssablar əti 5-6 manata satdıqlarını da bildirdilər. Amma onların sözlərinə görə, ət məhsullarında qiymətlər bu cür ucuz olanda, bəzi alıcılar şübhə ilə yanaşır. 
Məsələ ilə bağlı Bakı şəhəri baytarlıq idarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Bakı şəhərində 27 baytar-sanitar ekpertiza labaratoriyası fəaliyyətr göstərir. Bunlar da bazarlarda və ət dükanlarında satılan ət məhsullarının gigiyenik baxımdan təmizliyinə riayət edir.
“Ətin qiymətindəki fərq onun yaşı və cinsi ilə bağlıdır. Bununla bağlı qiymətlərdə fərq yaranır. Ancaq o demək deyil ki, ucuz qiymətə verilən ət heç də keyfiyyətsiz ət deyil” – deyə Bakı Şəhəri Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov bildirdi. 
Bir sözlə apardığımız müşahidələr bazarlarda ət məhsullarında cüzi qiymət artımını üzə çıxartdı. Bu vəziyyətin yaxın vaxtlarda dəyişib-dəyişməyəcəyini öyrənmək üçün İqtisadiyyat və Sənaye Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, ət məhsullarında nə indi, nə də yaxın vaxtlarda hər hansı bir qiymət artımı gözlənilmir.

 

Mənbə: ANS PRESS

29 yanvar 2015
GO BACK