Qadin.NET / Obamanın çətin seçimi

Obamanın çətin seçimi

 

ABŞ Prezidenti Barak Obamanın bu il aprelin 24-də Yerevan və Ankara arasında hansı seçim edəcəyi səbirsizliklə gözlənilir.2015-ci ilin həmin tarixində Ermənistan qondarma "soyqırım"ın, Türkiyə isə şanlı Çanaqqala zəfərinin 100 illiyini qeyd edəcək.Hər iki tərəf Obamaya dəvət göndərib. Ağ ev isə məsələ ilə bağlı hələ qərar verməyib, yaxud da qərarını verib, amma açıqlamaq istəmir.Obama qarşısında bir neçə variant var. Yerevana və ya Ankaraya getmək, yaxud hər iki tədbirdə iştirak etmək və ya ümumiyyətlə, heç birinə qatılmamaq.Mümkün variantları və onun nəticələrini təhlil edək.
ABŞ Prezidentinin qondarma "soyqırım" tədbirlərinə qatılacağı inandırıcı görünmür. Obama 1915-ci il hadisələri ilə əlaqədar ənənəvi 24 aprel çıxışında əvvəlki prezidentlər kimi soyqırım ifadəsini işlətməyib. Bu baxımdan ABŞ-ın 44-cü Prezidentinin Yerevana səfəri ən azından məntiqsiz görünür. Üstəlik, Obamanın bu seçimi onsuz da Qərblə ziddiyyətlər içində olan Türkiyəni ABŞ-dan daha uzaqlaşdıracaq.
Bəs Ankara? Bu variant da istisna edilir. Ankara seçimi Obamanı ölkəsində ermənipərəst qüvvələr tərəfindən ciddi təzyiqə məruz qoyacaq. Digər tərəfdən, bu, təmsil etdiyi Demokratlar Partiyasının qarşıdakı seçkilərdə səs itirməsinə səbəb ola bilər. Bu addım Ermənistanda ABŞ-ın nüfuzunu daha da aşağı sala bilər.
Bəlkə də Obama hər iki tərəfə jest edərək Ermənistan və Türkiyəyə səfər etməyi düşünür. Hadisələrin bu cür ssenarisi ağlabatan deyil. İki tərəfi də məmnun etmək planı əslində birinci variantın başqa formasıdır və bu durumdan yalnız Ermənistan qazanclı çıxır. Yəni Obamanın Yerevana gedib qondarma "soyqırım"ı de-fakto tanımasından sonra Türkiyəyə getməsinin (yaxud əksinə) bir mənası qalmır.
Yerdə qalır, ümumiyyətlə, dəvətləri cavabsız qoymaq. Çox güman ki, ABŞ lideri bu hüququndan istifadə edəcək. Ümumiyyətlə, səfər etməmək seçimi bir növ "24 aprel status-kvosu"nu saxlamaq deməkdir. Yerevan və Ankaraya sərf etməyən bu variant ABŞ-ın tərəflər arasında balansı qorumaq siyasətinə xidmət etmiş olacaq. Lakin bu variantın keçərli olacağı suallar doğurur.

Mənbə: Trend.Az

 

29 yanvar 2015
GO BACK