Qadin.NET / Vaqif Səmədoğlunun son şeiri

Vaqif Səmədoğlunun son şeiri

 

Vaqif Səmədoğlunun son şeiri

Əyrin-üyrün, 
dar küçələrin,
gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası
küçələrini
dolanan addımların
həmişə tənha səsi,
Gecələrinin
dünyada itən tarix tikəsi.
İçindən
Kommunist küçəsinə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi
Biçarə şəhər,
İçəri şəhər...
ANS PRESS bu gün dünyasını dəyişmiş Vaqif Səmədoğlunun unudulmaz şeirlərindən bəzilərini oxucularına təqdim edir. 
Ki­min var, Ulu Tan­rı
Mən­dən sa­va­yı bu dün­ya­da?
Ki­mim var sən­dən baş­qa
bu aləm­də mə­nim?
Sən tək, mən tək,
U­lu Tan­rı...
Şair bir neçə ay əvvəl son şeirini oxucularının ixtiyarına vermişdi. Şeir sosial şəbəkələrdə çox müzakirə olunmuşdu. 
İlahi, 
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi, 
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...
Qeyd edək ki, Xalq şairi Vaqif Səmədoğlu vəfat edib. Ailə üzvləri ANS PRESS-ə açıqlamasında şairin bu gün səhər saatlarında dünyasını dəyişdiyini bildiriblər. O, uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. 
O, bir neçə dəfə İsraildə müalicə kursu keçib. Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb. 
Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. 
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).
Şair, dramaturq, publisist Vəkilov Vaqif Səməd oğlu 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005), "Nəsimi" mükafatı laureatı (2014) olub.
Allah rəhmət eləsin!

 

Mənbə: ANS PRESS

28 yanvar 2015
GO BACK