"On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur".ANS PRESS-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında bildirib.
Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycanın valyuta ehtiyyatları xoşəgəlməz hadisələr üçün ciddi sığortadır:
"Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər".
İlham Əliyev bildirib ki, bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılıb: “Onlardan 1 milyonu daimi iş yeridir. Bu da daimi proses olmalıdır. Mən bu barədə dəfələrlə demişəm. Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə düşmüşdür, yoxsulluq da 5 faiz səviyyəsindədir. Dünyanın aparıcı kredit reytinq agentlikləri Azərbaycanın suveren reytinqlərini artırmışlar. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bax, budur əsas makroiqtisadi göstəricilərimiz. İnflyasiya da çox aşağı səviyyədədir, manat da ildən-ilə öz dəyərini artırır.
Ona görə bu statistik rəqəmlərə baxdıqda hər kəs görə bilər ki, biz nə qədər böyük yol keçmişik. Deyə bilərəm ki, heç kim bizə kömək etməmişdir. İndi dünyanın hətta inkişaf etmiş ölkələri xarici yardımdan bəhrələnmək istəyirlər. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi yəqin ki, özlərini bir növ o qədər də rahat hiss etmirlər.
Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Bizi bunu da bilirik".
Mənbə: ANS PRESS