Qadin.NET / Bir günə, heç hara getmədən xarici pasport necə almaq olar?

Bir günə, heç hara getmədən xarici pasport necə almaq olar?

 

Azərbaycanda son zamanlar həyata keçirilən ən uğurlu lahiyələrdən biri də, şübhəsiz ki, "ASAN Xidmət"dir. Bu xidmət sayəsində vətəndaşlar (əcnəbilər də həmçinin) dövlət idarələrində sənədləşmə işlərində yaradılan bürokratik əngəllərdən, əlavə ödənişlərdən xilas oldular. Bunlarla yanaşı, xidmət Azərbaycan insanlarının, sözün həqiqi mənasında, tamarzı qaldığı xidmət mədəniyyətinin formalaşması istiqamətində işlər gördü və görməkdədir, eyni zamanda vətəndaşlarımıza dövlət idarələrində unutdurulan məmur münasibətinin, əslində, necə olduğunu nümayiş etdirdi."ASAN Xidmət" tək Bakıda və Azərbaycanın bir neçə başqa şəhərlərində açdığı mərkəzlərlə vətəndaşlara xidmət göstərmir. O, həm də səyyar fəaliyyətdədir.
"ASAN Xidmət" mərkəzlərinin iş prinsipləri, xidmət səviyyəsi çoxlarımıza bəlli. Böyük ehtimal, əksəriyyət yolunu həmin mərkəzlərdən salmamış deyil.
Bəs səyyar xidmətləri hansı səviyyədə fəaliyyət göstərir?
Bunu təcrübə etmək üçün Milli.Az olaraq bir eksperiment keçirməyi qərara aldıq.Saytın redaktoru Firdovsi Fərzəliyev "ASAN Xidmət"in 9108 nömrəsinə zəng vuraraq, təcili ümumvətəndaşlıq pasportunu yeniləmək lazım olduğunu, amma xidmət mərkəzinə gəlmək üçün vaxtının olmadığını söylədi."ASAN Xidmət"in zəngə cavab verən operatoru əməkdaşımıza bildirdi ki, ertəsi gün xidmətin əməkdaşları saat 11:00-dan 17:00-dək bizim seçdiyimiz vaxtda ofisimizə gələ bilərlər. Biz saat 15:00-da gəlmələrini xahiş etdik.Operatordan xarici pasport almaq üçün hansı sənədlərin lazım olduğunu soruşanda, bəlli oldu ki, F.Fərzəliyevin pasportunun yenilənməsi üçün onun şəxsiyyət vəsiqəsi, vaxtı başa çatmış ümumvətəndaşlıq pasportu və hərbi bileti lazımdır. 

 

Qeyd edək ki, "ASAN Xidmət"in 9108 nömrəsinə həm mobil, həm də stasionar telefonlardan zəng vurmaq olur. Səhəri gün 15:00-da "Səyyar ASAN Xidmət"in iki əməkdaşı ofisimizə gəldilər. Onlar özlərilə şəkil çəkmək və biometrik göstəriciləri götürmək üçün lazım olan avadanlıqları da gətirmişdilər. Əməkdaşımızın əvvəlcə imzası, sonra barmaq izləri götürüldü, sonra isə şəkli çəkildi. Bütün bu proseslər birlikdə uzağı 10 dəqiqə çəkdi. "Səyyar ASAN xidmət" əməkdaşları bizə bildirdilər ki, xarici pasportu səhəri gün almaq üçün 160 manat ödəmək lazımdır. Əgər pasportu 5 günə almaq istəsək, 80 manat, 10 günə götürsək, 40 manat ödəməliyik. Pasportu götürməyə gəlincə, bunu sizin istəyinizdən asılı olaraq, "Səyyar ASAN"ın əməkdaşları evə, yaxud ofisə çatdıra bilərlər, ya da özünüz gedib Xidmət Mərkəzindən götürə bilərsiniz. Belə variant da mümkündür ki, siz biometrik göstəricilərin götürülməsi üçün Mərkəzə gedirsiniz, sonra pasport hazır olanda onu lazım olan yerə çatdırırlar. Biz hazır pasportun 10 günə ofisə çatdırılması variantını seçdik və əlavə 90 manat ödədik. İşi çox olan adamlar üçün vaxt puldan qiymətlidir!.. Qeyd edək ki, I dərəcəli əlilliyi olanlara xidmət pulsuz göstərilir. Bu da sosial ədalətin bərpasının göstəricisidir... 

Mənbə: Milli.Az

27 yanvar 2015
GO BACK