Qadin.NET / Orta məktəblərdə yenilik

Orta məktəblərdə yenilik

 

Azərbaycanda 1-ci sinfə gedəcək uşaqların məktəbəqədər hazırlığı məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də təşkil olunacaq.Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, bu istiqamətdə müəyyən işlərin aparılması nəzərdə tutulur.Məktəbə hazırlığın çox vacib məsələ olduğunu xatırladan A.Əhmədov qeyd edib ki, əsas məsələ uşaqların eyni bacarıq və səriştə ilə məktəbə qədəm qoymasıdır.Onun sözlərinə görə, uşaqların məktəbə hazırlığı bir qayda olaraq, məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir. Ancaq bu gün mövcud məktəbəqədər müəssisələrin hamısında məktəbəhazırlıq qrupları yoxdur: "Bakının seçilmiş 89 məktəbində məktəbə hazırlıq qrupları yaradıldı. Gələcəkdə bu şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur. Amma nəzərə almaq lazımdır ki, hər hansı yeniliyə keçməzdən əvvəl mövcud vəziyyət təhlil olunmalıdır. Xüsusilə kəndlərdə məktəbəqədər yaşlı uşaqların sayı, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturu təhlil edilməlidir. Sözsüz ki, müəyyən tədbirlər həyata keçirməliyik. Hazırda ən doğru yollardan biri məktəbəqədər hazırlığın məktəblərdə təşkil olunmasıdır".
Qeyd edək ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəqədər təhsilin 1 il icbari olması nəzərdə tutulur.

Mənbə: Milli.Az

 

26 yanvar 2015
GO BACK