Qadin.NET / Falçı, ya fırıldaqçı, eyni anlama gəlir

Falçı, ya fırıldaqçı, eyni anlama gəlir

 

Fala baxdırmağın günah olduğunu çoxumuz bilmirik. Ona görə də çoxları başına bir iş gələn kimi öz dərdlərinə falçıların əli ilə əncam tapmaq istəyir. Bu bir acı həqiqətdir ki, falçıya getmək artıq bəziləri üçün vərdiş, xəstəlik halını alıb. Bəli, fala inanmaq da, fala baxdırmaq da, fala baxmaq da günahdır. Qurani-Kərim açıq-aydın bildirir ki, qeyb aləmini Allah-Təaladan başqa kimsə bilə bilməz. Bir an sonra nə baş verəcək, onu Allah-Təaladan başqa kimsə bilməz. Əgər birisi özündən cürbəcür ssenarilər qurub deyirsə, inanmayın, yalan danışır. 

 

Əgər diqqət yetirmisinizsə, bəzi falçılar yüksək rütbəli məmurlarla “işlədiklərini”, yəni onların işini “düzəltdiklərini” iddia edirlər. Reklamdır da, hansı məmurun hansı falçı ilə hansı işi həll etdiyini bilməsək də bircə onu bilirik ki, getdikcə artan bu fırıldaqçılara “gözün üstə qaşın var” deyən yoxdur. Üstəlik də, falçılığa başlayandan az müddət sonra bahalı maşınlarda gəzməyə başlayırlar.
Falçılığın növləri
Hər falçının da öz üslubu, öz tərzi var. Kimi kartla fala baxır, kimi kompyuterlə, kimi kitab açır, kimi şəkər tozu ilə, kimi su ilə, kimi qəhvə ilə, kimi də əlin içindəki naxışlara baxaraq... Kim bilir, hələ bu çeşidlərə daha neçəsi əlavə ediləcək. Hamısı da fırıldaq, boş və mənasız.
İradəsi və imanı zəif adamlar fala inanar və bu yolda çarə axtararlar. Bütün ruhu ilə Allaha təslim olmuş mömin üçün fal da, falçı da yalandan, fırıldaqdan başqa bir şey deyil. 
Falçının yalan vədləri
Falçı heç vaxt ondan imdad gözləyən cahilə acı proqnoz söyləməz, çünki qapısına gəlmiş müştərini itirməkdən qorxar. Olmayan iş üçün gəlsələr belə, yenə bir ümid qapısı uydurar, təsəlli verməyə, onları özünə bağlamağa çalışar. Dərdli adam, əlbəttə, bu cür münasibətdən xoşhal olar, bəlkə də, falçının söylədiyinin yalan olduğunu bilə-bilə o yalana inanmaq, aldanmaq, ovunmaq istər. İnsan bir ümidini itirməmək üçün 15-20 manatı gözüyumulu verir. Amma indi heç 15-20 manatın üzünə baxan da yoxdur. Qiymətlər çox-çox yüksəklərdə oynayır.
Falçı millətin dərdli yerindən yapışıb insanlara yalançı ümidlərlə, vədlərlə təsəlli verir və bunun müqabilində də yaxşıca pul qoparır.
Qəhvə falı 
Son dövrlərdə geniş yayılmış falçılıq növlərindən biridir. Qəhvəni içəndən sonra fincanın dibindəki xəkəni qarışdırıb, orada gördüklərindən fal düzəldirlər: burada bir göyərçin görünür: ağzında məktub var, üç günə şad xəbər alacaqsan. Boylu-buxunlu bir oğlan sənin yolunu gözləyir. Lap aşağıda böyük bir ev görünür. Çox zəngin olacaqsan, villada yaşayacaqsan...
Vəssalam da. Bu qədər yalan vədləri eşitmiş birisi, əlbəttə, birillik qəhvənin pulunu bu başdan verəcək. 
Yanlış düşüncə
El arasında bir söz var: fala inanma, falsız da qalma. Nə qədər də mənasız sözdür. İnanmayandan sonra o fal nəyinə lazımdır? Fala inanma və yaxına da buraxma, doğrusu budur. Ümumiyyətlə, insan xarakteri bütöv olanda, tam olanda şəxsiyyət yetişir. Yoxsa inanmaya-inanmaya falçının qapısından ayaq kəsmirsənsə, demək, ikiüzlüsən, əməlinlə sözün bir deyil, ziddiyyətli adamsan. 
Təkcə bu deyil, o qədər belə mənasız, bulaşıq, riyakar sözlərimiz var ki... Özü də hamısını atalar sözü adı ilə millətə sırıyırlar. Dürüst ata övladına belə söz deməz, əmin olun ki, bu hansısa bir cahilin, ya fırıldaqçının uydurmasıdır.
Fal reklamları 
Son zamanlar telekanallarımızda falçıların reklamı ilə dolu proqramların sayı getdikcə artmaqdadır. Bu verilişlər elə qurulur ki, guya tamaşaçıları maarifləndirirlər, əslində isə bu proqramlarda falçılığın reklamı gedir. Əgər insan falçıya inanırsa, onun həyata baxışında ciddi problemlər var. Əgər fal doğru olsaydı, insanlar bir an öncə nəyin baş verəcəyini öyrənib, hər cür hadisəyə qarşı tədbirli olardılar. Məsələn, zəlzələdən, yanğından, daşqından öncə təhlükəsiz yerlərə çəkilərdilər. Halbuki bu cür təbii hadisələr nəticəsində özünü falçı elan eləmiş neçəsi yerin dibinə gömülüb. Bir an sonra nələrin baş verəcəyi qeyb aləmidir, yəni Allahın elmi çərçivəsindədir və kimsə ora müdaxilə edə bilməz, ordan bir xəbər söyləyə bilməz. Bu cür gərəksiz və zərərli proqramlar vasitəsilə bacarıqsız aparıcılar gənc nəslin təsəvvürünü bulandırır, onların dünyagörüşünün formalaşmasına ağır zərbə vururlar. Dəhşətli orasıdır ki, bu cür günah işlərlə məşğul olanlar tez-tez Allah adını çəkir, onlara vergi verildiyini söyləyir, özlərinin də gerçək müsəlman olduqlarını iddia edirlər. Bu fırıldaqçılara baxan 14-15 yaşlı bir yeniyetmənin təsəvvüründə dinimizin necə formalaşacağını təsəvvür etmək olmur. O falçılar bu gənclərin düşüncəsini, dünyagörüşünü zəhərləyirlər.
Cin ayrı, şeytan ayrı
Falçı deyəndə, əlbəttə, ilk növbədə insanın ağlına cindarlar gəlir. Bu cindarlar cinlə əlaqə qurduqlarını, onların vasitəsilə bilinməyən şeyləri xəbər verdiklərini iddia edirlər. Elm bu zamana qədər cinlərin mahiyyətini, onların qabiliyyətini, nəyə qadir olduqlarını tam öyrənə bilməyib. Amma əldə müəyyən qədər bilgilər var. Yəni cinlər də insanlar kimi Allaha ibadət etməklə mükəlləf olan məxluqlardır. Onlar bizim görmədiyimiz çox gizlinləri görə bilərlər, amma gələcəkdən xəbər vermək kimi bir qabiliyyətləri yoxdur.
Quranda bildirilir ki, Həzrəti Süleyman ayaq üstündə, əsasına söykənmiş halda keçinmişdi. Amma kimsə onun öldüyünü bilmirdi, nəhayət, bir qurd onun əsasını yemiş, əsa qırılandan sonra Həzrəti Süleyman yerə yıxılmış və bundan sonra Həzrəti Süleymanın ölümü üzə çıxmışdı. Əgər cinlər hər şeydən xəbərdar olsaydılar, Həzrəti Süleymanın öldüyünü də vaxtında bilərdilər.
Falçı ara vurur
Falçıların söylədikləri əsas hökmlərdən biri də budur: “Filankəs sənə əməl elətdirir”. Sonra da həmin o filankəsin bəzi əlamətlərini sayır. “Sayır” deyəndə ki, özünə görə bəzi şeylər toqquşdurur, evinizə gəlib-gedir, boyu belə, saçının rəngi belə, filan, filan... Falçıya inanan da həmin əlamətlərdən öz düşmənini “müəyyən edir”: ya baldızıdır, ya xalası qızıdır, ya qonşusudur, ya da filankəs. Vəssalam, düşmənçilik üçün hər şey var, artıq müharibəyə başlamaq olar. Falçının nəyinə lazımdır ki, onlar bir-birini öldürdülər, ya saçyolduya çıxdılar, onsuz da Cinayət Məcəlləsində falçılıqla bağlı bir şey nəzərdə tutulmayıb ki.Bəli, falçının pul qazanmaq üçün uydurduğu ssenari insanlar arasında düşmənçiliyə səbəb olur. Falçılıq bir yana qalsın, insanların arasını vurdurmaq çox böyük günahdır.
Özümüzü də, övladlarımızı da bu fəlakətdən uzaq tutaq ki, başımız bəlalar görməsin.
Mənbə: Milli.Az
26 yanvar 2015
GO BACK