Qadin.NET / "Hüseynağadan bir dənəydi..."

"Hüseynağadan bir dənəydi..."

 

Modern.Az saytının “Məşhur tələbə yoldaşım” rubrikası bir zamanların populyar, sevimli müğənnisi, səsi, ifa etdiyi mahnılarıyla bu gün də yaddaşlarda qalan, dinlənilən Hüseynağa Hadıyev haqqındadır. Sənətkar barədə xalq artisti, tarzən Zamiq Əliyev danışır: “İnanmırdı ki, xalq onu bəyənəcək”

“Hüseynağa Hadıyev Bakıda doğulub. Onun anası Cəfər Cabbarlının əmisiqızı olub. Cəfər Cabbarlı, Seyfəddin Dağlı- bunlar hamısı qohumdurlar. Hüseynağa da o tayfadandır. Hüseynağa Hadıyev ilə mən Sovetskidə məhlə uşağı olmuşuq. Onlar Nərimanov heykəlinin yuxarısında, biz aşağısında olurduq. İndi düzdür, onların tərəfi də, biz tərəf də sökülüb. Ancaq o zamanlar heykəlin yuxarısında onlar, aşağısında biz yaşayırdıq.
Hüseynağa Hadıyev Mirzaağa Əliyev adına Teatr İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) təhsil alıb. Məzun olandan sonra Hüseynağanı institutda saxladılar, orada fəaliyyət göstərməyə başladı. Bir müddətdən sonra isə yavaş-yavaş oxumağa başladı və şans da onun üzünə güldü. Belə ki, o vaxt “Dan ulduzu” instrumental ansamblı yaranmışdı, rəhbəri də əməkdar incəsənət xadimi Gülarə Əliyeva idi. Gülarə xanım Hüseynağa Hadıyevi də ora dəvət etdi. Çünki İncəsənət Universitetində Musiqili komediya teatrı aktyoru fakültəsi var idi və Gülarə Əliyeva, Qulu Əsgərov, böyük bəstəkarımız Şəfiqə Axundova və başqaları orada sənətdən dərs deyirdi. Belə oldu ki, Gülarə xanım Hüseynağanı da “Dan ulduzu” ansamblına dəvət etdi və o, ansamblda fəaliyyət göstərdi. Hüseynağa bir müddətdən sonra isə Filarmoniyada da konsertlərdə oxumağa başladı. Mən deyərdim ki, Hüseynağa Hadıyev elə, ilk növbədə, “Dan ulduzu” ansamblının tərkibində pərvazlanmağa, tanınmağa başladı.
Tələbəlik vaxtı da Hüseynağa Hadıyevdə musiqiyə həvəs, meyl var idi. Çox can atırdı. Ancaq hələ oxumurdu. Bir də görürsən zümzümə edirdi. Eşidənlər ona deyirdilər ki, “Hüseynağa niyə oxumursan?”. Hüseynağa bir az əhli-kef oğlan idi. Danışan, gülən, şən - belə bir xarakteti var idi. Deyirdi ki, “əşşi, nə oxumaq, oxuyuram da belə”. Ancaq sonra özü də deyirdi ki, “heç mən bilməzdim ki, oxuyacağam və doğrudan da imza qoya biləcəm, xalq da məni bəyənəcək, seçilənlərdən olacağam. Bəlkə də heç təssəvür etmirdim”. 
Hüseynağanın özünü sevdirmək qabiliyyəti var idi. Əvvəla yaxşı bir siması var idi. Özünə qarşı çox tələbkar idi, çox səliqəli geyinərdi. Bax, bir konsetdə bu qalstukla çıxırdısa, növbəti konsertdə onu təkrar görməzdin. Baxın bizim gənclərə. Mən indi ad çəkmək istəmirəm. Görürsüz, indikilər eynəklə, şlyapa ilə, cins şalvarla da efirə çıxırlar. Maykayla çıxan da var. Yəni indi müasirlikdi, 21-ci əsrdi də. Olsun da 21-ci əsr. Biz nə deyirik ki? Ancaq bu səhnədir axı. Biz ata-babadan bu səhnəni müqəddəs görmüşük. Gərək nümunə olasan ki, səndən nəsə götürə bilsinlər. Mən eynəklə, papaqla çıxıb oxuya bilmərəm. Bu gün cins şalvarda çıxıramsa, bu təbliğat deyil. Sən iki-üç dənə mahnı oxumaqla nə demək istəyirsən? İndi aləm dönüb də. Bəyəm, bunu Hüseynağa edə bilməzdi? Misalçün, o dövrdə Yalçın (Yalçın Rzazadə) kovboy geyimləri də, modern geyimlər də geyinirdi. O doğrudan da öz imici üçün bunu yaratmışdı və ona yaraşırdı. Çünki düzgün geyimlər seçirdi. Heç vaxt cılız, cins şalvarla çıxmayıb. O vaxt Gülağa Məmmədovu da heç vaxt səliqəsiz görməzdin. Düzdür, Gülağa Məmmədovgilin nəslində bir az klassik geyimlər var idi. Ancaq Hüseynağanın geyimində müasirlik görünürdü. Səliqə-səhman, etika görsənirdi.
Hüseynağa həmişə öz fonunda idi. İstər səhnə mədəniyyəti, istər geyim mədəniyyəti, oxuma mədəniyyəti. Çünki o, İncəsənət İnstitutunu qurtarmışdı. Orada oxuyanlar dili öyrənirlər. Bəziləri oxuyur, görürsüz, sözü düz demir. O qədər səhvlər edirlər ki.. Ancaq Mədəniyyət və İncəsənət Universitetini bitirən, sənət aləmində olan insanlar belə şeyə tələbkarlıqla yanaşırlar. Bax, ona görə məhz Hüseynağa Hadıyevin lent yazıları da nümunədir”.
“Hüseynağanın sözlərindən sonra Gülarə xanımın ürəyi getdi”
“Tale elə gətirdi ki, Hüseynağa ilə bir yerdə çalışdıq. Mən Filarmoniyada işlədiyim dövrdə Hüseynağa da bizim kollektivlə oxumağa başladı. Sonra mən “Dan ulduzu” ansamblına dəvət olundum, o da dəvət olundu. Hüseynağa çox çılğın idi. Biz onunla xarici səfərlərdə, qastrolllarda olmuşuq. Soruşurlar, qardaşın necə adamdır, deyir yol yoldaşı olmamışam. Hüseynağa çox belə bərk danışan idi, bir az ərköyünlüyü də var idi. Çox adam da onun xətrini istəyirdi.
Bir dəfə xarici dövlətə gedirdik. Bilmirəm, hansı ölkəyə... Rəhmətlik Gülarə xanım Əliyevanın da bir xasiyyəti var idi, yalandan bir şey deyərdin, o saat inanardı. Məsələn, deyərdin ki, bax, indi burada heyvanlar çox olur haa, gələr indi bizi yeyər aa. İnanardı. Deməli, təyyarədə okeanın üstü ilə uçuruq. Gülarə xanım da oturub. Bir də gördüm ki, Hüseynağa gəldi onun başının üstündə dayandı, dedi, “Gülarə xanım, necəsiniz?”. Gülarə xanım cavab verdi ki, “belə də”. İndi təyyarədir, göyün üzündəyik, okeanın üstü ilə uçuruq. Necə olasan, hamısı fikirləşir ki, birdən bu təyyarə xarab oldu... Hüseynağa qayıtdı ki, “ay Gülarə xanım, bax, indi birdən əgər bu təyyarəmiz xarab oldu, biz okeanın dibinə gedirik, balıqlar, balinalar da bizi bir-bir yeyəcəklər...”. Baa, elə Hüseynağa bunu demişdi ki, bir də gördüm Gülarə xanımın ürəyi getdi, onun üzünə su sərpmək, yelləmək, filan... Dedim, “Hüseynağa, sən bilmirsən ki, o, bir az belə şeylərə çox hərifdir. Söz tapmadın deməyə?”. Gülarə xanım da inanmışdı. Dedi, “düz deyir, Hüseynağa, birdən gedərik okeanın dibinə, nə olar bizə? Balinalar bizi yeyər”. 
Hüseynağada ərköyünlük var idi.
Hüseynağa o qədər şən əhvallı oğlan idi ki, adam onunla darıxmazdı. Adam var ki, onunla yarım saat yol gedirsən, darıxırsan ki, tez çatardım. Sən onunla xarici səfərə gedərdin. Səhər-səhər yatmışıq, gəlib döyərdi qapını ki, “bəs konsertə getməliyik, hələ yatmısınız?”. Qızlar da inanırdı. İçəridən qayıdırdılar ki, “hələ yatmışıq, nə konsert, saat 10-da konsert olar?”.
-Tez elə, Gülarə xanım aşağıda gözləyir, deyirdi. 
Bunlar da inanırdılar (gülür) . Yəni, Hüseynağanın məzəsi çox idi. Ancaq heç kəs də ona irad tutmurdu, heç kəsin xətrinə dəymirdi. O vaxt bir dənə AzTV. Bütün işçilər onun xətrini istəyirdi. Elə Hüseynağa ora girən kimi hamı onunla hal-əhval tuturdu. Elə bil ki, AzTV onun doğma ocağı idi. Hüseynağa heç kəsin xətrinə dəyməzdi. Heç vaxt görməmişəm ki, o kiminsə dalınca danışsın və kimisə pisləsin. Əvvəla, Hüseynağa erkən getdi. O yetişib böyük bir yaşa gəlib çatmadı. 
O həmişə özünü, qürurunu qoruyardı, özünü gözləyərdi. Yəni onun etikası, böyük mədəniyyəti, özünə qarşı tələbkarlığı var idi. Bu indiki cavanlar üçün mən deyərdim ki, bəlkə də örnəkdir. Onun konsetlərə, lent yazılarına baxanda heç vaxt artıq hərəkət görməzsən. Məsələn, Emin Sabitoğlunun “Bu gecə” mahnısını oxuyub. Baxırsan ki, bu adam bir dənə artıq ştrix verməyib ki, deyəsən ki, burada bir boşluq qalıb”.
“Hüsenyağa Hadıyevin səsindən doymadıq”“Biz Hüseynağa el şənliklərində də olurduq. Bu sənət aləmində dostluq etmək bir az çətindi. Həm də o vaxt indiki kimi deyildi. Onda sənin bir dəqiqə boş vaxtın yox idi. Yaradıcılıq, sonra institut illəri, qastrol səfərləri.. yəni elə bir vaxtımız yox idi ki, gedək bir çayxanada oturaq, gəzişək. Elə bil ki, o illərdə nəfəs almadıq. Heç bilmədik, hardan gəldi, hara getdi. Mən bu gün respublikanın xalq artistiyəm, eyni zamanda İncəsənət Universitetində professor kimi çalışıram. Yəni tələbələrə də deyirəm ki, ay uşaqlar, bu cavanlıq illərində siz özünüzü bu mərhələyə kökləməsəniz, sonra gec olacaq. İndidən başlamaq lazımdır ki, sonra öz axarı ilə getsin. Mən baxıram ki, indikilər çox tənbəldirlər. Bilirsiniz, bir dənə uğur qazanırlar, deyirlər, bu bəsdir. Bəs biz neyləyək? Mən misalçün, 19 yaşımda Filarmoniyaya işə götürüldüm. Bugünkü günə qədər də sənətim ancaq tar çalmaq olub. Yəni bu sahədə inkişaf etmişəm. Xalqım bütün uğurlarımın şahididir. Bir də var ki, soruşursan, neçə ildi oxuyursan? Deyir, 35 ildi. Mən heç bunu tanımıram. Deyir, hələ 3 yaşım var idi, bağçada oxuyurdum. Əşşi, sən elə anadan olandan oxuyursan? Bu sayılmır axı. Böyük səhnəyə gələndən sayılır. Adam var, 25 yaşında böyük səhnəyə gəlir, adam var 30 yaşında gəlir. Yəni tanınmağın, uğurun, o addımların böyük səhnəyə gələn gündən sayılır.
Hüseynağa Hadıyevin siz deyən o qədər lent yazıları yoxdur. Azdır, ancaq o 6-7 dənə səsyazı 100 dənəyə bəs edir. Çünki oxuduqları mahnılara elə bir möhür vurub ki, elə bil ki, o mahnıları ancaq Hüseynağanın ifasında bəyənə bilərsən. Düzdür, indi onun repertuarını oxuyurlar. Amma inanın ki, o mahnılar oxunanda adamın gözünün qabağına ilk növbədə Hüseynağa Hadıyev gəlir. Deyirsən ki, Allah rəhmət etsin, Hüseynağa bunu oxuyardı. Bu, hər oxuyan üçün deyilmir. Məsələ burasındadır ki, o mahnını Hüseynağa özü yazmayıb. Bəstəkar mahnısıdı. Ancaq bu bəstəkar mahnısını elə bil ki, özününkü etmişdi. Elə oxuyurdu elə bil onun səsi üçün yazılmışdı. Onun səsi şəlalədir axır, adamı o qədər sakitləşdirir ki... Hüseynağa el şənliklərinə də gedirdi, başqa mahnılar da oxuyurdu. Ancaq “Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə yazılan bir neçə mahnı möhürdü, Hüseynağa Hadıyevin imzasıydı. Hüseynağa Hadıyev onları yazdırdı və dünyadan tez köçdü. Hər bir sənətkarın öz imici və proqramı var.
Hüseynağa institut vaxtı ailə qurmuşdu, bir oğlu da var - Ceyhun. Təbii, sevgi ilə ailə qurmuşdular. O dövrdə bunlar tanış olanda, ailə quranda Hüseynağa sənətdə deyildi, toya getmirdi. Sonra o sənət adamı oldu, tanındı, toylara getdi, xalqın məhəbbətini qazandı. Ondan sonra nəsə aralarında bir az narazıçılıq oldu, yola getmədilər. Bu toy adamı idi. İndi toydur, toy saat 12-də də qurtara bilər, 1-də də, 3-də də. Ailə ailədir, söz yox. Ancaq bu sənət aləmi də belədi. Ya gərək səni başa düşən adam olsun, ya da....
Hüseynağa Hadıyev xəstələndi, aramızdan erkən getdi. Tamaşaçılar, dinləyicilər üçün də belə bir sənətkarı itirmək əlbəttə ki, çətin idi. 
Hüseynağa hələ çox oxumalıydı. Yəni bizi doydurmadı. Az oxumaqlarıyla elə bil ki, qəlbimizdə kök saldı. İndiyəcən də qəlbimizdədir, xatırlayırıq onu. Səhnədə yeri də görünür. Elə insanlar aramızdan getdi.
Bilirik ki, əzəvedilməz insan yoxdur. Çünki çarx dövran edir, bu gedir, o biri gəlir. Ancaq Hüseynağa kimisi doğulmur ki. İkinci Rəşid doğulmur ki. İkinci Zamiq Əliyev yoxdur ki...
Sənət aləmində olan insanlar birinci növbədə gərək xalq sevgisi qazansın. Sən xalq artisti ola bilərsən, xalq səni sevmirsə, deməli, sənin elə boş-boş titulun var”.

Mənbə: Milli.Az

 

24 yanvar 2015
GO BACK