Qanunvericilik istər dövlət, istərsə də özəl sektorda işləyən hamilə qadınların hüquqlarını qoruyur. Qanuna görə, hamilə olduğu üçün işə qəbul etməmək, işdə sınaq müddətinə götürülmək, işdən qovulmaq yolverilməzdir. Ana uşaq dünyaya gələndən sonra da üç il müddətində əmək haqqını almaq hüququna malikdir. Lakin bir çox özəl şirkət və təşkilatlarda hamilə qadınların hüquqları tapdanır. Hamilə qadınlar hüquqlarını yaxşı bilmədikləri, həm də körpələrinə görə əsəblərini qorumaq istədikləri üçün özlərinə qarşı olan haqsızlıqlara göz yumurlar.
Özəl şirkətlər hamilə qadınları işə qəbul etməkdən qaçır
Hamilə qadınların işə götürülməsi ilə bağlı özəl şirkətlərin fikirləri fərqli olsa da, əksəriyyət hamilə qadını işə götürmək istəmədiyini bildirdi.
Bununla bağlı “Fido Group” şirkətinin ofis inzibatçısı Leyla ƏkbərovaMilli.Az-a işə götürərkən qadının hamilə olub-olmamasına deyil, onun bacarıq və biliyinə fikir verdiklərini deyib: “Şirkətimizdə hamilə qadınlar yoxdur, amma olsa, qanuna uyğun olaraq onlara məzuniyyət və maddi yardım veriləcək”.
Başqa bir şirkətin işə qəbul üzrə mütəxəssisi Ayazın (soyadını deməkdən çəkindi) sözlərinə görə, hamilə qadınları işə qəbul edə bilməzlər: “Səbəbi - rəhbərliyin qoyduğu tələbdir”.
Digər bir şirkətin işçisi - ofis meneceri Nuray Məmmədova isə dedi ki, qadının hamilə olması onun işə götürülməsində çətinlik yarada bilər. Hal-hazırda rəhbərlik yoxdur və bu haqda dəqiq bir şey deyə bilməz. Sonda isə o, vurğuladı ki, şirkətlərində hamilə qadınlar yoxdur: “Bilmirəm, hamilə qadın şirkətimizdə görməmişəm”.
“Avrasiya” Tərcümə Mərkəzinin işçisinin dediyinə görə, hamilə qadını işə qəbul etməyə hazırdırlar: “Bizim üçün qadının hamilə olması vacib deyil. Əsas onun iş qabiliyyətidir. Düzdür, qadın hamiləliyin sonuncu aylarındadırsa, bu, problem yaradır”.
“Netant” şirkətinin işçisi Günay Hüseynova isə səmimi etiraf etdi ki, hamilə qadınları işə qəbul etmirlər: “CV göndərməyiniz lazım deyil. Onsuz da işə götürməyəcəyik. Hamilə qadın bir müddət işlədikdən sonra işə gələ bilməyəcək. Bizə isə daimi işçi lazımdır”.
Hamilə qadınlar üçün işdə sınaq müddəti keçərlidirmi?
“Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar işə düzələrkən onlar üçün sınaq müddəti müəyyən edilmir. Sınaq müddətindən üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də azaddırlar. Bundan başqa, hamilə qadınların attestasiyası keçirilmir. Hamilə, habelə üç yaşınadək uşağı olan qadınları, üç yaşınadək uşağını təkbaşına böyüdən kişiləri işdən çıxarmaq (əmək müqaviləsini ləğv etmək) qadağandır, - deyə hüquqşünas Ramil Qaçayev bildirdi. - Hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün iş vaxtı qısaldılır. Belə ki, qanunla onlar həftə ərzində 36 saatdan çox işləməməlidirlər. Hamilə və üç yaşınadək uşağı olan qadınların gecə növbəsində işləməsi də qanun pozuntusudur”.
Hamiləlik işə götürülməmək üçün əsas ola bilməz!
Hüquqşünasın dediyinə görə, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir: “Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Bu səbəblərə görə qadın işə götürülmədikdə hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər”.
Hamilə və yaşyarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi hüququ da var. Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.
Hamiləliyə görə əmək haqqının azaldılması qadağandır
Qaçayev qeyd edib ki, hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır: “Yaşyarıma çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaşyarıma çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir”.
Qeyd edək ki, bu vaxtların birləşdirilərək nahar fasiləsi üçün ayrılması mümkündür.
Hamilə qadınların məzuniyyət və müavinət almaq hüququ var
Dövlət Sosial Müdafiə Fondunun Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimovun sözlərinə görə, qadınların hamiləliyə və doğuşa görə müavinət almaq hüququ var: “Bu müavinəti almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hamiləliyə və doğuşa görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuşa görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır”.
Məzuniyyət günlərinin sayına gəlincə isə Qədimov bildirib ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir: “Bunun 70 günü doğuşdan əvvələ, 56 günü isə doğuşdan sonrakı günlərə düşür. Doğuş çətin olarsa, iki və ya daha çox uşaq doğularsa, doğuşdan sonrakı məzuniyyət 70 gün olur”.Şöbə müdiri qeyd edib ki, uşaq salmağa görə də müavinət verilir. Hamiləliyə və doğuşa görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur: “Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. Hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir. Bu zaman müavinət hamiləliyə və doğuşa görə məzuniyyətin bütün dövrünə düşən iş günlərinə nəzərən hesablanır”.Yalnız hamiləliyə görə deyil, 2 aylığadək uşağı övladlığa götürənlər də 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər. Lakin həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuşa görə müavinət verilmir.
Mənbə: Milli,Az