L.Landau 1908-ci il yanvarın 22-də Bakıda yəhudi ailəsində anadan olub. 13 yaşında orta məktəbi bitirən L.Landau yaşı az olduğundan universitetə qəbul olmaq üçün sənədlərini verə bilmədiyinə görə ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyub. 14 yaşında o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, eyni zamanda, fizika-riyaziyyat və kimya fakültələrində təhsil alıb.Milli.Az Azər tac-a istinadən xəbər verir ki, 1924-cü ildən isə L.Landau təhsilini Leninqrad Dövlət Universitetində davam etdirib və 19 yaşında fizika fakültəsini bitirib. O, Leninqrad Fizika-Texnika İnstitutunda aspiranturada təhsil alıb, 1929-cu ildə bir çox xarici ölkələrdə - Almaniya, İsveçrə, Hollandiya, İngiltərə, Belçika, Danimarkada ezamiyyətdə olub. Bu ölkələrin alimləri ilə tanış olan L.Landau onların tədqiqat işlərinə böyük maraq göstərib.Alim 1931-ci ildə vətənə qayıdaraq geniş tədqiqat işlərinə başlayıb. O, 1932-ci ildən 1937-ci ilədək Xarkov Fizika-Texnika İnstitutunun nəzəri fizika şöbəsinə rəhbərlik edib, burada bərk cisimlərin nəzəriyyəsinə aid bir sıra fundamental işlər yerinə yetirib.1937-ci ildə L.Landau Fizika Problemləri İnstitutunda çalışıb. O, burada aşağı temperaturlar fizikası sahəsində mühüm tədqiqatlar aparıb və böyük kəşflər edib.
İfrat keçiriciliyin təbiətini aydınlaşdırmaqda müvəffəqiyyət qazanan ilk alim Landau olub. O bütün dünyada məşhur olan “Nəzəri fizika” və digər dəyərli kitabların müəllifidir. Alimin əsərləri müxtəlif ölkələrdə nəşr edilib.
L.Landau 1941-ci ildə ifrat axıcılığın ilk nəzəriyyəsini yaradıb. Görkəmli alimin bu kəşfi fizikada bir sıra yeni istiqamətlərdə tədqiqat işlərinin aparılmasına yol açıb. O, elmin bir çox müxtəlif sahələrində bərk cisimlər fizikası, faza keçidləri nəzəriyyəsi, kosmik şüalar fizikası, nüvə nəzəriyyəsi, heliumun ifrat axıcılıq nəzəriyyəsi, hidrodinamika, sahənin kvant nəzəriyyəsi və elementar zərrəciklər, Fermi mayesi nəzəriyyəsi və s. dəyərli kəşflər edib.
L.Landau SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1946) seçilib, üç dəfə Dövlət mükafatına (1946, 1949, 1953), Sosialist Əməyi Qəhrəmanı (1954) fəxri adına layiq görülüb.
Alim Böyük Britaniyada Kral Cəmiyyətinin, Danimarka və Niderland elmlər akademiyalarının, ABŞ Milli Elmlər Akademiyasının üzvü olub. Ona 1962-ci ildə “İfrat axıcılığın nəzəriyyəsini verdiyinə görə” Nobel mükafatı verilib.
L.Landau 1968-ci ildə Moskvada dünyasını dəyişib.
Mənbə: Milli.Az