“Rəsmi şəxslərdən kimsə bu cəriməni ödəmək arzusunda olubmu?” sualına cavab olaraq vəkil qeyd edib ki, pul cəriməsi məsələsinin həlli üçün ilk növbədə Orxanın özü səfirliyə və ya başqa rəsmi instansiyalara məktubla müraciət etməlidir. “Çünki onun yerinə heç kəs bunu edən deyil”.
Vəkil bildirib ki, müvəkkili ilə sonuncu dəfə Ali Məhkəmənin yekun iclasından sonra görüşüb: “Orxan görüşdə Azərbaycana ekstradisiyasında çox istəkli olduğunu deyib. Ən azından bu köçürülmə baş tutmasa, Rusiyanın Azərbaycana yaxın bölgələrində, Çeçenistan və Dağıstanda cəza çəkmək istəyir. Buna səbəb isə öz həmvətənlərilə birgə cəza çəkmək istəməsidir”.
A.Abdullaeyev bildirib ki, Orxanın sağlamlığında və əhvalında müsbət dəyişiklik müşahidə olunur: “Hər hansı şikayət etməyib. Hər şey normaldır. Həbsxanada idmanla məşğul olur. Rusiyada yaşayan dayısı müntəzəm olaraq ona baş çəkir, ərzaq və meyvə göndərir”.
Vəkil qeyib ki, Orxan öz taleyilə barışıb: “Artıq verilən cəzaya etiraz etmir. Ona cəzasının yüngülləşdirilməsi məqsədilə apellyasiya şikayəti vermək təkliflə razılaşmayıb. Çünki cəza çəkəcəyi yerin qəti müəyyən olunmasını istəyir. Apellyasiya verilməsi isə onun istintaq təcridxanasında saxlanmasının uzanmasına səbəb olur”.
Orxan Zeynalov 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulyovo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub. Orxan Zeynalov Moskva şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.
Mənbə: Milli.Az