“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.Muzeyin təsisçisi və yaradıcısı, respublika “Kitab” cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Azər tac-a bildirib ki, 30 ildən artıq müddətdə formalaşmış kolleksiya bu gün də yeni nüsxələrlə zənginləşir.
Muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində nəşr edilmiş 5600-dən çox miniatür kitab sərgilənir. Burada ən nadir eksponatlar Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılmış dörd mikrokitab (onlardan biri 0,75x0,75mm formatında, üçü 2x2 mm formatındadır), habelə Almaniyada hazırlanmış dörd mikrokitab (bu nəşrlərdən biri 2,0x2,9 mm formatında, qalan üçü 3,5x3,5mm formatındadır).
Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətini əks etdirən miniatür kitablar da vardır. Burada Azərbaycanın ədəbiyyat, elm və incəsənət klassikləri də geniş təmsil olunub. Bundan əlavə, dini mövzuda kitablar, habelə rus, sovet və xarici ölkələrin klassikası nümayiş etdirilir.
Zərifə xanımın sözlərinə görə, muzeyin Ginnesin Rekordlar Kitabına daxil edilməsinə nail olmaq üçün yarım ildən artıq gərgin işləmək lazım gəlib. O, kömək üçün “İçərişəhər” qoruğunun müdiriyyətinə müraciət edib. Muzeyin Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün sifariş 2014-cü ilin birinci yarısında təqdim edilib. Bu sifarişin təmin olunması üçün bir sıra şərtləri yerinə yetirmək, qoşma məktub, iki müstəqil şahidin ərizəsi, fotoşəkillər, videoyazılar və başqa zəruri sənədlər lazım idi. Müstəqil şahidlər qismində M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və tanınmış jurnalist Elmira Əliyeva çıxış ediblər. Daha sonra Azərbaycanın Xalq Yazıçısı, Respublika Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin ərizəsi və miniatür kitablar kolleksiyasının həqiqiliyini sübut edən digər əlavə materiallar təqdim olunub.
Muzeydə saxlanılan miniatür kitab nüsxələrindən 2913-ü bütün tələblərə tamamilə uyğun gəlir. Məsələn, bu kitabların ölçüləri 75x75 mm-dən çox deyil – miniatür kitabın müasir standartı məhz belədir. Kitabların xeyli hissəsinin ölçüləri 100x100 mm-dən çox deyil. Bu da keçmiş SSRİ-də miniatür kitab standartlarına uyğundur.
2015-ci il yanvarın 21-də Ginnesin Rekordlar Kitabının rekordlar üzrə menecerlər komandasından alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib və o, miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab olunub. Yaxın vaxtlarda Zərifə Salahovaya “Guinness World Records” sertifikatı təqdim ediləcək.
Xatırladaq ki, bundan əvvəl miniatür kitabların ən böyük kolleksiyası Nikuncu R.Vaqadinin kolleksiyası hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab toplamağa müvəffəq olub.
Mənbə: Milli.Az