Azərbaycanda 2017-2018-ci illərdə Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflər hazırlanacaq.
Trend-in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevtərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.
Yeni sənədə əsasən, gələn il 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartları təsdiq ediləcək. 12 illik ümumi təhsilə keçidi təmin etmək məqsədilə müvafiq qanunvericilik aktlarında dəyişikliklər olunacaq.
2016-2017-ci illərdə isə Təhsil Nazirliyi tərəfindən 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumları hazırlanacaq.
Bununla yanaşı, 2017-ci ildən başlayaraq, mütəmadi olaraq, tam orta təhsil səviyyəsində təhsil müəssisələri müxtəlif istiqamətlər üzrə bölünəcək.