Son beş ildə Azərbaycanda göz xəstəliklərinin daha asan yolla aradan qaldırılması üçün yeni üsuldan istifadə edilməyə başlayıb. Bu lazer əməliyyatıdır. Əsasən yaxıngörmə, uzaqgörmə, astiqmatizm kimi xəstəliklər lazer cərrahiyyəsi ilə uğurla müalicə olunur. Amma, əməliyyata əks göstərişlərin olub-olmamasını müəyyənləşdirmək üçün qüsurlu göz əvvəlcədən müayinə olunmalıdır.
Oftalmoloq-cərrah Namiq Mustafayevin sözlərinə görə, katarakta-mirvari suyu, herpetik kerositlər kimi xəstəliklər olanda da lazer cərrahiyyəsi etmək olmaz. "Bəzən isə bir gözü tam görməyən xəstələr olur. Onların üzərində də əməliyyat təhlükəlidir. Çünki hər bir əməliyyatın fəsadı ola bilər”.
Lazer əməliyyatlarının aparılmasında yaş məhdudiyyətidə nəzərə alınmalıdır. Belə ki, insanın gözündə 18 yaşına qədər böyümə getdiyi üçün bu yaşa qədər və 50 yaşdan yuxarı olan adamlarda əməliyyat uğurlu hesab edilmir.
Lazer əməliyyatlarının həyata keçirilməsidə müxtəlif üsullarla aparılır. Bunlar lazik və laset adlı üsullardır. Lazik cərrahiyyəsi normal qalınlıqlı buynuz qişalarında, laset isə buynuz qişası nazik olduqda aparılır.
Qeyd edək ki, lazer əməliyyatının effektivliyi görmə dərəcələrindən asılıdır. Məsələn, uzaqgörmə problemi zamanı lazer əməliyyatı mənfi 8-ə qədər, yaxıngörmədə isə müsbət 4-ə qədər həyata keçirilməlidir. Lazer göz əməliyyatları qısa müddətdə və ağrısız şəkildə aparılır. Xəstə iki-üç gün ərzində gündəlik fəaliyyətinə qayıda bilir.
Lazer göz əməliyyatlarının ölkəmizdə də uğurla həyata keçirildiyinə deyən Namiq Mustafayev əhalinin daha çox xarici mütəxəssislərə etibar etməsinə lüzum görmür. Çünki sonradan hər hansı fəsad olarsa, xarici ölkədən gələn həmin həkimi tapmaq elə də asan deyil.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda bir gözün lazerlə əməliyyatı 500 manata həyata keçirilir.
Mənbə: ANS PRESS