Qadin.NET / Hansı yaxşıdır - eynəklər yoxsa, kontakt linzalar?

Hansı yaxşıdır - eynəklər yoxsa, kontakt linzalar?

 

Hansı yaxşıdır - eynəklər yoxsa, kontakt linzalar?

Bu gün planetimizin hər 4 sakinindən biri eynək, yaxud linza taxmaq məcburiyyətindədir. İndi çoxu eynəklərini linzalarla əvəz edir. Amma eynəklərin də müsbət keyfiyyətləri var. Belə ki, linzalardan fərqli olaraq gözün istirahət etməsi üçün eynəyi asanlıqla çıxarıb, ağrısız taxmaq olur. Onu linza kimi xüsusi yerdə saxlamağa ehtiyac yoxdur və istifadə müddəti məhdud deyil. 
Eynəyin mənfi xüsusiyyətləri isə onun bir sıra hallarda üzün yaraşığını örtməsi, görünüşü məhdudlaşdırması və tərləyərək narahatlıq yaratmasıdır. Məhz bu xüsusiyyətlər insanları kontakt linzalara müraciət etməyə vadar edir. Linzalar komfort, dəqiq görünüş vəd etməklə yanaşı, ondan düzgün istifadə etmədikdə bəzən gözə təhlükə də yaradır.
Tibb elmləri doktoru Kərəm Kərimovun sözlərinə gürə, linza taxanların 50 faizdən çoxu müəyyən müddətdən sonra linzanı taxa bilmirlər. “Linza yad cisim kimi gözün içində qalır. Müəyyən dövrdən sonra gözün qıcıqlanmasına gətirib çıxarır və digər tərəfdən gözün həssaslığı itir. Bu gözlə xarici mühit arasında təması zəiflədir. Göz daim oksigenlə qidalanır, onun oksigen alması zəifləyir. Bunun üçün mütəmadi olaraq kontakt linza geyinmək gənclərə məsləhət görülmür. Gündüz linza, axşam isə eynəkdən istifadə etmək mümkündür.”
Həkimlər gözə istirahət verməyərək, müntəzəm linzadan istifadə edən şəxslərdə 5-6 ildən sonra buynuz qişasının, qan damarlarının şişməsi prosesi getdiyini deyirlər. Yaxıngörmə və uzaqgörmə problemi olanlara əsasən zərif kontakt linzalar məsləhət görülür. Linzaların qiymətlərinə gəlincə, Kərəm Kərimov bunun müxtəlif olduğunu qeyd edib. “Kontakt linzaların ümumi qiyməti hər iki göz üçün 80 manatla-120 manat həddində ola bilir. Sərt kontakt linzalar isə fərdi olaraq hazırlanır. Onlar bir az bahadır. Onlar 120-150 manat həddində ola bilir”. 
Keyfiyyətli kontakt linzaların istehsal olunduğu ölkələr isə İngiltərə və Fransadır. Azərbaycanada linzalar əsasən, həmin ölkələrdən, Rusiya və Türkiyədən gətirilir.

Mənbə: ANS PRESS

 

19 yanvar 2015
GO BACK