Dünyada 450 milyondan çox adamın psixi və ya nevroloji problemləri var. Bir çox ölkələrdə belə həxslər daha zəif, daha az müdafiə olunan, lazımi müalicə və qulluqdan məhrum qrupa aiddirlər. Psixi xəstəliklərin yalnız bir forması-depressiyadan dünyada təxminən 154 milyon nəfər əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının 10 oktyabr-Ümumdünya psixi sağlamlıq günü ilə bağlı məlumatında belə deyilir. Depressiya bütün dünyada əlilliyin əsas səbəblərindən biridir.
BMT-nin Baş katibi Pan Gi Mun bildirib ki, sağlamlıq vacib insan hüquqlarından biridir. O, psixi pozğunluqdan əziyyət çəkən şəxsləri lazımi müalicə ilə təmin olunması çağırışını da edib. Pan Gi Munun müraciətində qeyd edilir ki, inkişafda olan ölkələrdə bütün xəstəliklərin əsas hissəsi psixi pozğunluqlarla bağlıdır. Amma belə ölkələrdə xəstələrin çox az hissəsi psixiatrik kömək imkanına malikdir.
Psixi pozğunluqların təxminən yarısı 14 yaşadək başlayır. Mütəxəssislərin hesablamalarına görə, dünyada uşaq və yeniyetmələrin təxminən 20 faizində psixi pozğunluq və problemlər var. Amma bir çox ölkələrdə hər 1-4 milyon nəfərə cəmi bir uşaq psixiatrı düşür.
Hər il dünyada orta hesabla 800 min nəfər intihar edir. Onların 86 faizi aşağı və orta gəlir səviyyəli ölkələrdə yaşayırlar. İntihar edənlərdən yarısından çoxu 15-44 yaşında olur. Ən böyük intihar göstəriciləri Qərbi Avropa ölkələrindəki kişilər arasındadır. Psixi pozğunluqlar intiharların əsas səbəbi sayılır.
Müşaribələr və digər fəlakətlər psixi sağlamlığa və psixoloji rifaha ciddi təsir göstərir. Fövqəladə vəziyyətlərdə psixi pozğunluq hallarının sayı artır.