Qadin.NET / Kimlərə “alkoqolik” demək olar?

Kimlərə “alkoqolik” demək olar?

 

Kimlərə “alkoqolik” demək olar?
Ətrafımızda kimlərinsə “alkoqolik”, “içki düşkünü”, “əyyaş” adlandırılmasına tez-tez rast gəlirik. Əslində isə alkoqolizm həddən artıq alkoqol qəbulundan yaranan bir xəstəlikdir. Bu xəstəlik son illər ərzində Azərbaycanda da geniş yayılmaqdadır. Sadəcə olaraq, biz ətrafımızdakılara xəstə kimi yox, ən pis halda əyyaş, ən yaxşı halda isə “yeyib-içən” kimi baxırıq. Məsələyə elmi cəhətdən yanaşdıqda isə məlum olur ki, bəzi hallarda hətta əyyaş kimi baxmadıqlarımız da alkoqolizm xəstəliyindən əziyyət çəkirlər. Adətən onların özlərinin də bundan xəbəri olmur.
Ümumdünya Səhiyyə Təşkilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarını müəyyənləşdirilib. Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir. 
İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss edir. Bu istək özünü həm açıq şəkildə büruzə verə, həm də gərginliyin aradan qaldırılması, istirahət bəhanəsi altında gizlənə bilər. Bu istək nəticəsində insan öz ailəsini, qanunları və sosial davranış normalarını unudur. 
Üçüncü əlamət isə orqanizmin spirtli içkiyə asanlıqla “dözməsi”dir. Əgər insan üç şüşə araq içsə və sərxoş olmaması ilə öyünürsə, bu, təhlükəli sindromdur. Məsələ burasındadır ki, orqanizm son gücünə qədər qana daxil olan etil spirtini emal etməyə çalışır. Amma gec və ya tez son mərhələ çatır və mexanizm pozulur. Nəticədə alkoqol əqli zəifliyə səbəb olur. Yəni insan sizinlə salamlaşa və bir neçə saniyə sonra bunu unuda bilər. 
Dördüncü simptom abstinent sindromdur. Bu, insanın içki qəbulundan bir gün sonra özünü yorğun, əzilmiş, hiss etməsi, əllərinin əsməsidir. Belə adamlar səhər tezdən içki qəbul etməsələr belə, yenidən içmək üçün səbirsizliklə iş gününün sonunu gözləyirlər. Amma içki qəbul edəndən sonra özünü pis hiss edənlər də iki qrupa bölünür və alkoqoldan zəhərlənənləri içkin düşkünləri sırasına aid etmək olmaz. Sadəcə olaraq, onlar zəhərləndiklərinə görə səhəri gün özlərini pis hiss edirlər və vəziyyətlərinin düzəlməsi üçün yenidən içki qəbul etmək istəyi hiss etmirlər. Alkoqoliklər isə yenidən içmək zərurəti hiss edirlər. Lakin alkoqoldan zəhərlənmə də içki istehlakı mədəniyyəti ilə birbaşa bağlıdır. Əgər bir adam iki şüşə araq içərsə, 400 millilitr etil spirti qəbul etmiş olur. Bu, 70 kiloqramlıq bir insan üçün ölümcül dozadır. Adi insan bu doza ilə reanimasiyaya düşür. Alkoqoliklərdə isə bu baş vermir. Ona görə də içki qəbul edənlər üçün alkoqolizm və qəhrəmanlıq sinonim təşkil edir. 
Beşinci əlamət müxtəlif xəstəliklərdir. Yəni, insan laborator təhlilləri mənfi nəticələnir və ya içki nəticəsində ailəsi dağılır. O isə içkidən ayrıla bilmir və alkoqol qəbul edilməsini dayandıra bilmir. 
Sonuncu meyar isə alkoqolun insanın həyatında əsas rolu oynamasıdır. Başqa sözlə, bu meyara görə, insanın məişəti və şəxsi həyatı içki ətrafında qurulur. Alqokolla bağlı olmayan digər maraqlar isə sonrakı yerlərə keçir. 
Qeyd edək ki, alkoqolizmdən əziyyət çəkdiyini insanın özü də hiss edə bilər. Əgər içki adamın həyatında diskomfort yaradırsa, deməli, xəstəlikdən danışmaq olar. Bəziləri hesab edir ki, içki qəbul edilən günün səhəri baş verən əzginlik, yorğunluq normal təzahürdür. Nəticədə insan özünə nəzarəti itirir, ailədə, işdə, küçədə münaqişəli vəziyyətlər yaradır. Alkoqolizm insanda sosial nəticələrə nəzarətə imkan vermir. Belə insan öz xəstəliklərinə qarşı mübarizə aparmalıdır. Onlar üçün ayıqlıq, içki içməmə xəstəliyin qarşısının alınmasının ən asan yoludur.
Mənbə: ANS PRESS

 

19 yanvar 2015
GO BACK