Ölkədə hava şəraitinin dəyişməsi ağciyər və ürək xəstəlikləri olan insanlara daha çox ziyandır. Həkimlər belə xəstələrə mütəmadi olaraq həkim müayinəsindən keçməyi tövsiyə edirlər. Tibb Universitetinin Kliniki Farmokologiya Kafedrasının assisenti, tibb elmləri namizədi Arzu Bəydəmirova bildirir ki, meteroloji kəskin dəyişmə orqanizmdə maddələr mübadiləsinin pozulmasına və insanın xəstələnməsinə səbəb olur. «Meteroloji dəyişmə əsas kardioloji problemləri olan xəstələrə təsir edir. Bu xəstələr həkim nəzarəti altında daha çox olsunlar. Onlara əsəb gərginliyi keçirmək olmaz. Həmçinin, ürək xəstəlikləri olan insanlar həkim məsləhəti ilə qanı durulaşdıran preparatlarıdan istifadə etməlidirlər. Ağciyər xəstəlikləri olan xəstələrə də havaların soyuması pis təsir göstərir. Onlarda hər hansı infeksiyalara qarşı həssaslıq artır. Bu xəstələr də narahatlıq hiss edən kimi həkimə müraciət etməlidirlər».
A.Bəydəmirova qeyd edir ki, havaların soyuması nəticəsində qrip, angina, zökəm kimi xəstəliklərlə xəstəxanalara müraciət edənlərin sayı artır: «Həmçinin, yuxarı tənəffüs yollarının iltihabı kimi problemlərlə bağlı müraciətlər çoxalıb. Ətraf mühitin temperaturu kəskin düşür, bədənin temperaturu isə buna uyğun olmur və xəstələnmə halları çoxalır». O deyir ki, əgər yüksək temperatur olarsa, yubanmadan həkimə müraciət etmək lazımdır.
Həkim bildirir ki, havanın soyuması qripin də yayılmasına səbəb olur. «Qrip virus mənşəli xəstəlikdir. Müxtəlif bakteriyalar bu prosesə qoşulduqdan sonra irinləmə tezləşir və fəsad çox olur. Onun sözlərinə görə, xəstədə pnevmaniya, qaymorit, bronxit, rinit, plevrit, varingit kimi xəstəliklər, böyrək patalogiyası yarana bilər». A.Bəydəmirova qeyd edir ki, qripə yoluxduqda dərhal həkimə müraciət etmək lazımdır: «Kortəbii müalicə etmək olmaz». Onun sözlərinə görə, virusla ağciyər xəstələndikdən sonra istənilən bakteriyaya qarşı həssas olur. Xəstə hətta vərəmə də yoluxa bilər».
Həkim-pediatr Arzu Əliyeva isə bildirir ki, havanın soyuması orqanizmin müqavimət qabiliyyətini aşağı salır. İmmunitet temperatur dəyişikliyi ilə uyğunlaşmır və nəticədə xəstələnən uşaqların sayı artır. Həkimin sözlərinə görə, bəzən analar uşaqlarını türkəçarələrlə və yaxud həkimə müraciət etmədən müxtəlif dava-dərmanla müalicə edirlər: «Bu, yüngül soyuqdəymə olduğu halda köməklik edir. Həkim məsləhəti olmadan edilən müalicənin 2-3 gün ərzində nəticəsi olmadıqda, dərhal həkimə müraciət etmək lazımdır ki, orqanizmdəki fəsadların qarşısını vaxtında almaq mümkün olsun. Vaxtında həkimə müraciət etmədikdə, həddindən artıq fəsadlar yarana bilər. Bu, körpə uşaqlarda qulağın iltihabından başlamış (otit), ağır pnevmaniyaya, bronxitə, müalicə olunmayan virus xəstəliklərinə, böyrək xəstəliklərinə səbəb ola bilər. Həmçinin xroniki xəstəliklərə çevrilə bilər. Ona görə vaxtında həkimə müraciət etmək məsləhətdir».