Son vaxtlar Avropa ölkələrində də geniş yayılmış qəlyan insan orqanizmi üçün zərərlidir. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu nəticəyə qəlyanla bağlı araşdırma aparan britaniyalı alimlər gəliblər. Tədqiqat Böyük Britaniya Səhiyyə Nazirliyi və Tütündən istifadəyə nəzarət Mərkəzi birgə keçirilib.
Araşdırmalar göstərib ki, qəlyan çəkən adam o qədər böyük miqdarda dəm qazı udur ki, elə bil avtomobildə işlənmiş qazın çıxdığı boru ilə nəfəs alır. Böyük Britaniya Səhiyyə Nazirliyinin nümayəndəsi Pol Huper bildirib ki, bir dəfə çəkilən qəlyanda dəm qazı bir siqaretdən beş dəfə çox olur. O, hamilə qadınla bağlı nümunə də gətirib. Pol Huperin sözlərinə görə, siqaret tüstüsündən qaçmaq istəyən qadın qəlyan çəkməyə başlayıb. Lakin onun müayinəsi zamanı orqanizmində çoxlu siqaret çəkən insanın orqanizmindəkində də çox yanmış oksid karbonu aşkarlanıb.