İnsanın zahiri gözəlliyi onun sağlam orqanizmə malik olmasından xəbər verir. Orqanizmdə yaranan problemlərin əsas səbəbini isə həkimlər piylənmə ilə əlaqələndirir. Orqanizmdə artıq piy toxumalarının toplanması mədə-bağırsaq, ürək-damar sisteminin pozğunluqlarına gətirib çıxarır ki, bu da bir çox xəstəliklərin yaranması ilə nəticələnir.
Endokrinoloq Lena Hacıyeva deyir ki, həmin xəstəliklər insanın zahiri görkəmində özünü biruzə verir: «İnsanın daxili orqanlarının vəziyyətini gözünün parıltısı göstərir. İnsanın daxili orqanları nə qədər sağlamdırsa, onun saçları da gözəl olacaq. Dərinin rəngi insanın bir çox xəstəliklərinin əlamətidir. Məsələn, qan azlığı olanda insanın dərisi çox avazayır, əksinə qan çoxdursa rəngin tündləşməsi olur. Məsələn, qaraciyərlə bağlı problem olanda dəridə səpkilər olur. Bir çox xəstəliklər dəridə özünü biruzə verir».
Piylənməni yaradan əsas səbəblərə gəlincə, bunlar düzgün qidalanmama və qeyri-düzgün həyat tərzinin seçilməsidir. Belə ki, mənimsənilməsi asan, həzm olunması isə çətin olan çox yağlı, qızarmış, tez hazırlanan yeməklər bilavasitə piylənmənin yaranmasına gətirib çıxarır. Bundan başqa, qida rejiminin pozulması da orqanizmdə artıq piy toxumalarının toplanması ilə nəticələnir.
Bunu nəzərə alaraq həkimlər yeməyin çox hissəsinin səhər, daha az hissəsininsə axşam qəbul olunmasını məsləhət görür. Buna səbəb səhər orqanizmin oyanması və əmək fəaliyyəti zamanı qəbul olunmuş qidanın enerjiyə çevrilməsidir. Axşamlar isə əksinə, bədən passivləşdiyindən qəbul olunmuş qida da orqanizmin müəyyən hissəsində toplanaraq piyə çevrilir. Lena Hacıyeva qeyd edir ki, piylənməyə qarşı mübarizə aparmağın digər bir üsulu isə aktiv həyat tərzinin seçilməsidir: «Əgər insan istirahət etmirsə, çox işləyirsə, yuxusuz qalırsa, bu, orqanizmin zəifləməsinə, mərkəzi sinir sisteminin pozulmasına, əsəbiliyə gətirib çıxarır ki, bunun nəticəsində də insan çox qida qəbul edir və bu da piylənməyə səbəb olur. İnsan passiv həyat tərzi keçirirsə, heç bir fiziki enerji sərf etmirsə, nəqliyyatdan, liftdən çox istifadə edir, bütün günü kompüterin, televizorun qarşısında oturursa, bu da piylənməyə səbəb olur».
Həkimlər qəbul olunan qidaların keyfiyyətli və vitaminlə zəngin olmasını da vacib şərt sayır. Həmin qidalar orqanizmin vitamin çatışmazlığını ödəməklə yanaşı, onun sağlam və gənc qalmasını da təmin edir. Lena Hacıyevanın sözlərinə görə, əks halda bu, orqanizmdə müəyyən fəsadlar törədir: «Qidanın tərkibində vitaminlər və minerallar olmalıdır. Orqanizmdə cüzi vitamin çatışmırsa, o ciddi fəsadlara gətirib çıxarır. Məsələn, A vitaminin çatışmaması gözü zəiflədir. A vitamini gözün nuru sayılır. Yodun çatışmaması insan orqanizmdə ağır dəyişikliklər yaradır. Bu, hətta ağılsızlığa gətirib çıxarır. Sutka ərzində insana 100-150 mikroqram yod lazım olur.
Həkimlər meyvə və tərəvəzi daha çox ac-qarına qəbul etməyi məsləhət görür. Çünki bu zaman orqanizm daha az enerji və vaxt sərf edərək daha çox mineral və vitamin qəbul edir.