İşçi işəgötürənə vurduğu ziyana görə hansı məsuliyyəti daşıyır, vurduğu ziyanı necə ödəməlidir, hansı hallarda ziyanı ödəməkdən azad olunur? Bu suallara cavab olaraq Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı bildirib ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən, birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
Onun sözlərinə görə, maddi məsuliyyət işçinin üzərinə o zaman qoyulur ki, ziyanın həqiqətən vurulduğu aşkar edilsin; təqsirkarın əməli qanuna zidd olsun; təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olsun.
“Tərəflərin maddi məsuliyyəti ziyanın vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar”, o deyib.
Zamanlı qeyd edib ki, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmçinin ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
Vəkil bildirib ki, Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin tam maddi məsuliyyətinin 7 halı göstərilib.
Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
İşçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərtilə qəbul etdikdə;
İnzibati hüquqpozmalar haqqında, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;
Əmlakını və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə;
Alkoqol, toksik (zəhərli) və ya narkotik maddələrdən sərxoş vəziyyətdə ziyan vurduqda;
İşəgötürənin kommersiya sirrini yaydıqda;
İşəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, böhtan və təhqirlərlə onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirən mənəvi ziyan vurduqda.
Zamanlının sözlərinə görə, qanunvericilik işçinin maddi məsuliyyətini istisna edən halların da dairəsini müəyyən edib.
“Belə ki, işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır”, o deyib.
Zamanlı bildirib ki, əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə cəlb edilə bilər.
Maddi ziyanın ödənilməsinə gəlincə isə, Zamanlı deyib ki,iİşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri ilə həyata keçirilir.
“Əgər işçi ziyanı tam maddi məsuliyyət daşıdığı hallarda vurmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bu halda məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər”, o deyib.