Məktəbəqədər tərbiyə müəssisəsi və ya sadə dillə desək bağça sözün həqiqi mənasında uşaqların tərbiyə ocağı, onları intellektual cəhətdən inkişaf etdirən təlim-tədris mərkəzi, eləcə də əyləncələrini təmin edən istirahət məkanı kimi qiymətləndirilir. Bütün bu keyfiyyətləri ilə bağça həm də iş-güc arxasınca getməyə məcbur olan valideynlərin ən etibar etdiyi müəssisədir. Bu baxımdan mütəxəssislər uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə getməsini zəruri hesab edir. Təbii ki, bu müəssisələrdən gözlənilən xidmətlər də ana-atanı qane etməlidir. Övladının gələcəyini parlaq görmək istəyən valideynlər də uşaqlarının bağça tərbiyəsi görməsini həm özləri, həm də övladları üçün vacib sayır.
Bəs bu gün fəaliyyət göstərən bağçaların vəziyyəti, uşaqlara verilən təlim-tərbiyənin səviyyəsinə görə onların gələcəyi ilə bağlı arxayınlığa əsas verirmi? Valideynləri ilk növbədə bağçadakı şərait maraqlandırır. Çünki intellektual inkişafdan öncə ana-ata övladlarının sağlamlığını, normal qidalanmasını istəyir. Bu səbəbdən bəzi valideynlər, daha dəqiqi maddi imkanı olanlar övladlarını dövlət bağçalarına yox, özəl tərbiyə müəssisələrinə verir.
Elə bu sahədə araşdırma aparan qeyri-hökumət təşkilatlarının nümayəndələri də paytaxtda xeyli sayda təmirə ehtiyacı olan bağçaların mövcudluğunu bildirir. Bağçaların azlığı isə bu müəssisələrdə uşaqların sıxlığına gətirib çıxarıb ki, bu zaman da balacaların istənilən səviyyədə bilik qazanması, onlara fərdi qayğı göstərilməsi çətinləşir.
Ekspertlərin fikrincə, bağçaların işinin təkmilləşdirilməsi üçün peşəkar kadrların artırılmasına ehtiyac duyulur. Hazırda bağçalarda əsas iş tərbiyəçi müəllimin üzərinə düşür. Amma bu sırada metodistlərin və psixoloqların fəaliyyəti də zəruri sayılır.
İctimai rəyə görə, bu gün ölkədəki özəl məktəbəqədər müəsissələrdə daha yüksək intellektual savada malik uşaqlar hazırlanır. Dövlət uşaq bağçalarında azyaşlıların intellektual səviyyəsinin aşağı olması həmin müəsissələrin maddi vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır. Uşaq liqasının sədri Yusif Bəkirovun fikirincə, dövlət məkətəbəqədər müsissələrdə müəllimlərin məvacibinin azlığı da bu cür problemlərə yol açır.
Ekspert özəl bağçada hər ay üçün bir uşağa 500 manat vəsait ayrılırsa, dövlət bağçalarında hər bir azyaşlıya bir il üçün hökumət 690 manat vəsait xərcləyir. Bu fərq isə özünü uşaqların intellektual savadında göstərir.
Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektounun müdiri Nərminə Alnağıyeva isə bunu təkzib edir... Onun sözlərinə görə, dövlət uşaq bağçalarındakı tərbiyəçilərin bilik səviyyəsi özəl müəsissələrdən fərqli olaraq daha yüksəkdir. "Dövlət müəsissələrində öz işini sevən, səriştəli, metodikanı bilən tərbiyəçilər çoxdur",-deyə Nərminə Alnağıyeva bildirib.
Sektor müdiri həmçinin tərbiyəçilərin əmək haqlarının aşağı olması fikiri ilə də razılaşır. Nazirlik rəsmisi bildirib ki, bu gün dövlət müəsissələrində çalışan tərbiyəçilərin 1612 dövlət uşaq bağçasında 103 min 17 uşağın tərbiyəsi ilə məşğuldursa, 12 özəl bağçadakı tərbiyəçilər isə 655 uşağa tərbiyə verir. N.Alnağıyevanın sözlərinə görə, dövlət bağçalarındakı bu cür problemin aradan qaldırılması üçün məktəbəqədər müəsissələrin dövlət proqramı hazırlanır.
Qeyd edək ki, bu sənəddə beynəlxalq təlim-tədris proqramının tətbiqidə nəzərdə tutulur.