Qadin.NET / Niyyətin hara, mənzilin ora

Niyyətin hara, mənzilin ora

 

Niyyətin hara, mənzilin ora

Niyyətsiz ibadət mümkün deyildir. Allahın razılığına və sevgisinə qovuşmaq istəyən insanın niyyətinin və məqsədinin saf olması lazımdır. İnsan ibadət edərkən yalnız Onun razılığını istəməli, Ona qovuşduran vasitəni taparaq yalnız Ona bağlanmalıdır.
Niyyət - işin təməlidir. Xoş niyyətə nail olmaq iradəvi bir prosesdir, seçimin məhsuludur və nəticə etibarilə, niyyəti təmizləmək, o niyyətin tənzimlədiyi əməlin özündən də daha əhəmiyyətli bir məsələdir. Həzrət Əlidən (ə) bu mövzuda bir hədis nəql edilir: «Niyyət - işin təməlidir». İnsan bəndəlik etmək istəsə, ilk növbədə niyyətinə diqqət yetirməlidir. Bəndəlik tək namaza qayıtmır - hərgah namaz bəndəliyin zirvə təzahürüdür, amma burada mətləb tək namaz deyil. İnsan hər nə iş görür, hər nə edir sırf Allaha xatir etməlidir. Bu nə deməkdir? Niyyətin dürüstlüyü. İstər ruzi dalınca getmək olsun, istər həyat yoldaşına, balalarına qayğı olsun, qohumlara baş çəkmək, vicdanlı həyat sürmək, düzünü demək - hər bir işdə ki, insanın qayəsi İlahi əhkamı yaşatmaq, yəni Allahın məsləhət bildiyi işlərə dəstək vermək və bəyənmədiyi işlərdən çəkinməkdir - elə bəndəlik budur. İnsan əgər iş gördükdə «qürbətən iləllah» - «Allaha yaxınlaşmaq» niyyətini rəhbər tutursa, onda bu işlərin nəticəsi də olacaq. İnsanın dünya həyatında gördüyü işlər - pisi də, yaxşısı da - onun axirət həyatına inikas olunur. Təməlsiz, bünövrəsiz heç bir bina mövcud ola bilmədiyi kimi, niyyətsiz də əməl yaşamaz». 
ƏMƏLİN MÖVCUDLUĞU NİYYƏTLƏDİR 
«İmam Səccaddan (ə) nəql edirlər: «Əməl yalnız niyyətlədir». O əməlləri Allah-Təala qəbul edəndir ki, bunların mənbəyində xalis niyyət dursun. Niyyəti bəndəlik olmayan əməllərin qəbuledəni Allah deyil, lənətlik iblisdir. Əgər insan axıradək gözəl niyyətdə bulunsa, əməli onu ruhani zənginliklərə qovuşduracaq. Əks təqdirdə, özünü zillətə salmış olur. İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə isə yeni müstəvi açılır: «Heç bir bədən, niyyəti güclü olduğu şeyi yerinə yetirməkdə aciz deyil». Niyyətin paklığı, saflığı, təmizliyi o qədər müəyyənedicidir və eyni zamanda o dərəcədə ruhi gücə səbəb olur ki, istənilən gözəl işi insana gördürə bilər. Minlərlə rəzilətlər var ki, insanın taqəti olmaz onlara nəinki qalib gəlsin, hətta güc göstərməyə cəhd etsin. Amma niyyəti güclü olduqda, ixlası həqiqi olduqda, bu - onun üçün son dərəcədə asan bir işə çevrilir». 
ƏBƏDİYYƏTİN NÖVÜNÜ NİYYƏT MÜƏYYƏN EDƏR 
İmam Sadiqdən (ə): «Cəhənnəm əhli əslində ona görə (orada) saxlanılır ki, onların dünyada niyyətləri, orada əbədi qalsa idilər, Allaha qarşı həmişə itaətsizlik etmək olub. Behişt əhli də əslində ona görə Cənnətdə əbədi qalır ki, onların da niyyətləri, əgər dünyada qalsa idilər, əbədi olaraq Allaha itaət etmək olub. 
İmam Sadiqdən (ə): «Allah-Təala Qiyamət günü insanları məhşərə niyyətləri əsasında gətirəcəkdir. İnsanın Allah dərgahına dönüş edəcəyi gündə əldə etdiyi varlığı - niyyətinin məhsuludur. 
YAXŞI NİYYƏTİN ÖZÜ BİR ƏMƏLDİR 
«Allahın Elçisindən (s) nəql edilən hədisdə bildirilir: «Ey camaat! Əməllər yalnız niyyətlədir. Əslində, hər bir kəsə niyyətində olduğu şey çatacaqdır». Həzrət Əlidən (ə) isə belə nəql edilir: «Yaxşı niyyətin özü bir əməldir». Niyyət yalnızca ruhi bir halət deyil. Niyyət yalnızca əməlin xarakterini, əməlin psixoloji aurasını təşkil edən mühüm amil deyil. Niyyət - özü də bir əməldir. Niyyət öz-özünə yaxşı və ya pis olan deyil. Niyyət - qəlbin məhsuludur, insanın rəhbər tutduğu kateqoriyaların, riayət etdiyi həyat fəlsəfəsinin, bir sözlə, insanın ruhi-mənəvi halətini tənzimləyən amillər toplusunun nəticəsidir. Bütün başqa əməllərin başlanğıcı, müqəddiməsi məhz niyyətdir. Bu müqəddimə mübarəkləşməsə, insanın Allaha qovuşmaq amalı ilə tənzimlənməsə, deməli insanın törəmə əməllərinin nə bərəkəti, nə də bir faydası olacaqdır. Digər hədisdə Həzrət Əlidən (ə) nəql edirlər: «Allahın hər bir şəxsə bəxşişi, (onun) niyyəti qədərincədir». Əlbəttə, Allah bəxşiş edən, hədiyyə edəndir. Amma həmin bəxşişin miqdarı, səviyyəsi insanın niyyəti qədərdir. Niyyət gözəl olduqca, İlahi rəhmətin dərəcəsi də artır. Peyğəmbərimiz (s) ən yaxın səhabələrindən biri olan Əbazər Qəffariyə buyurur: «Ey Əbazər! Bütün məsələlərdə, hətta yemək və yatmağında da pak niyyətli ol!». 
GÖZƏL NİYYƏT İNSANIN RUZİSİNİ ARTIRAR
Həzrət Əlidən (ə) nəql edilən bir hədisdə niyyətlə insanın daxili aləminin bağlılığına işarə edilir: «Niyyətin gözəlliyi, insanın təbiətinin gözəlliyidir». İnsan nə qədər saf qəlbli olarsa, onun daxilində ərsəyə çatan niyyət də eynitəbiətli olacaqdır. İnsanın niyyətinin necəliyi, onun daxilinin güzgüsüdür. Daxilində rəzil xislətlər yuva saldıqda, niyyəti də müvafiq olur. Və daxili İlahi məhəbbətdən qaynaqlandıqda, qəlbinin törəməsi olan niyyət də gözəl olur. Niyyətlə ruzinin əlaqəsinə dəlalət edən daha bir hədis İmam Sadiqdən (ə) nəql edilir: «Kimin niyyəti gözəl olsa, Allah onun ruzisini artırar». 

Mənbə: ANS PRES

 

18 yanvar 2015
GO BACK