Qadin.NET / Nikah yaşının qaldırılması lazımdırmı?

Nikah yaşının qaldırılması lazımdırmı?

 

Nikah yaşının qaldırılması lazımdırmı?

Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq mövzulardan biri də “Ailə məcəlləsi”nə təklif olunan dəyişikliklərlə bağlıdır. “Ailə məcəlləsi”nə nəzərdə tutulan dəyişikliklərdən biri erkən nikah yaşının 17-dən 18-ə qaldırılmasıdır. 
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bunu, insanların, xüsusən də qadınların təhsil və sağlamlıq hüquqlarının müdafiəsi ilə əlaqələndirir. 
Belə ki, qızların 18 yaşından tez ailə həyatı qurması onların təhsildən yayınmasına gətirib çıxarır. Bundan başqa, erkən nikaha bioloji faktorlar da mane olur. Həkimlər yalnız 18 yaşından sonra qızların yetkinlik dövrünə qədəm qoyduğunu deyir. 
Millət vəkili dəyişikliyi beynəlxalq prinsiplərlə də əsaslandırır və hazırda bütün dünyada nikah yaşının 18 olduğunu bildirir:
“Ailə məcəlləsi”nə ediləcək digər bir dəyişikliksə, nikahdan qabaq mülkiyyət müqaviləsinin imzalanması ilə bağlıdır. H.Rəcəbli qeyd edir ki, hələ İslam dönəmindən başlayaraq kəbin kəsilərkən qıza və oğlana aid əşyaların siyahısı tutulduğu halda, indi nikah müqaviləsinin imzalanması bir o qədər yaxşı qarşılanmır:”Təəssüf ki, bizdə nikaha girənlərin 10 faizi boşanır və bunların yarıdan çoxu məhkəmə çəkişməsinə gedir. Belə olan halda müqavilənin vacibliyi ortaya çıxır. Mülkiyyət müqaviləsi bağlananda əmlak təhlükəsizliyi təmin olunur”. 
Qanuna nəzərdə tutulan növbəti əlavə isə nikah bağlanarkən tərəflərin sağlamlıq haqqında arayış təqdim etməsidir. Lakin kənddə yaşayanların arayış almaq üçün rayon mərkəzi xəstəxanasına müraciət etməsi prosesi bir qədər çətinləşdirir. Komitə sədri bu səbəbdən qanunun müzakirəsində müəyyən mübahisələrin ortaya çıxdığını deyir. 
Bəzi mütəxəssislər belə vəziyyətin hətta rəsmi nikahların sayının azalmasına, qeyri-rəsmi nikahların sayının isə artmasına səbəb olacağını düşünür. Millət vəkili xəstəlik haqqında arayışın təqdim olunması heç də nigahı məhdudlaşdırmadığını vurğulayıb. “Adamlar xəstə olanda da nikaha girə bilər. Amma bu haqda məlumatlı olmalıdırlar. Bilməlidirlər ki, gələcək uşaqları xəstə doğula bilər. Bəlkə cütlük uşaq dünyaya gətirməyəcək, ya övladlıq götürəcək və ya xəstə uşaq tərbiyə etməyə hazırdır?”. 
Bu dəyişikliyin qurulan ailələrin möhkəmliyinə xidmət edəcəyi düşünülsə də, bəzi ekspertlər nikah yaşının qaldırılmasına lüzum görmür. 
Hüquqşünas Məmməd Zeynalovun sözlərinə görə, qanun qadağanedici norma kimi yaxşı olsa da, praktikadan qanunun dəyişilməsinin cəmiyyətə heç bir yenilik verməyəcəyi görünür. 
Nikaha girərkən tibbi arayışın təqdim olunması ilə bağlı təklifi isə hüquqşünas zəruri qiymətləndirir. O son vaxtlar boşanmaların çoxunun məhz tibbi problemlər əlaqədar olduğunu qeyd edib. 
Nikah müqaviləsinin əmlak məsələlərinin bölüşdürülməsi üçün vacib sənəd olduğunu deyən hüquqşünas onun ailənin möhkəmləndirilməsində heç bir rolu olmadığını düşünür. Yəni nikah müqaviləsi mövcud olsa da, ailədə sabitlik olmazsa, boşanma labüddür. Ona görə də ekspert yeni ailə məcəlləsində nikah müqaviləsinin bağlanmasını vətəndaşların hüququ kimi saxlanmasını tövsiyə edir. 

Mənbə: ANS PRESS

 

18 yanvar 2015
GO BACK