Paytaxtımız ilk Avropa Oyunlarına hazırlaşır. Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda Avropa Oyunlarının keçiriləcəyi idman qurğularında intensiv işlər gedir. Həmin idman obyektlərindən biri də metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionudur.
Stadion birinci Avropa Oyunları ilə bağlı inşa olunan ən möhtəşəm idman obyekti sayılır. Burada aparılan tikinti işlərinin gedişi ilə yaxından tanışlıq bir jurnalist kimi məndə böyük təəssürat yaratdı.
Stadionda sözün əsil mənasında qızğın iş gedirdi. Tikinti meydançasında təhlükəsizlik qaydalarına, işçilərin texniki təhlükəsizlik vasitələri ilə təmin edilməsinə ciddi əməl olunur. Belə ki, xüsusi geyimlər və qoruyucu kaskalar olmadan işçilərin tikinti sahəsinə buraxılması qəti qadağandır.
İşlərin artıq 95 faizinin tamamlandığını deyən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin əməkdaşı Gülnaz Quliyeva hazırda stadionun içərisində təmizlik, ətrafında isə abadlıq işlərinin davam etdiyini bildirdi. Həmsöhbətim vurğuladı ki, bütün tikinti işləri müvafiq cədvəl üzrə gedir və stadionun fevral ayının sonunadək təhvil verilməsi gözlənilir. Söhbət zamanı yaxın günlərdə Avropa Oyunlarının açılışında iştirak edəcək 6 min könüllünün treninqlərə cəlb olunacağı bəlli oldu.
Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 68 minə yaxın tamaşaçı tutumlu stadionun interyerində də son tamamlama işləri aparılır. Beynəlxalq standartlara tam cavab verən güclü və müasir işıqlandırma sistemi, həmçinin stadionun qapıları üzərində quraşdırılmış böyük tablolar hazır vəziyyətə gətirilib. Müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastrukturla bağlı tədbirlər də görülür.
Layihəyə əsasən stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Tribunalarla meydança arasında dəmir konstruksiyalı çəpərlər kənar şəxslərin meydançaya girişinin qarşısını alacaq. Stadion strateji obyekt sayıldığından burada quraşdırılmış kameralar layihə müəlliflərinin təhlükəsizlik tədbirlərindən biridir. Odur ki, bütün obyektlərdə mühafizə sistemi beynəlxalq normalara cavab verəcək.
Stadionun təbii ot örtüyü də diqqətimi cəlb etdi. Gülnaz Quliyevanın sözlərinə görə, bu birinci təbii ot örtüyüdür və onun dəyişdirilməsi mümkündür.
Təxminən 50 hektar ərazidə tikilən idman qurğusu əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq. Stadionda VVIP, VİP, CIP, media və digər bölmələrin yaradılması nəzərdə tutulub. Xarici və yerli media nümayəndələrinə nəqliyyat vasitələri - avtobuslar ayrılacaq, ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilir.
Yeri gəlmişkən, Avropa Oyunları dövründə yüngül atletika yarışlarının keçirilməsi də elə bu stadionda planlaşdırılır.
Bakı stadionlarında ilk dəfə olaraq tamaşaçıların ixtiyarına kafelər, istirahət zonaları veriləcək.
Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Bu möhtəşəm idman obyektinin layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.