Qadin.NET / Biz kimə lazımıq?

Biz kimə lazımıq?

 

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra camaat da öz dininə üz tutmağa, dini ayinlərin icrası qaydalarını öyrənməyə imkan qazandılar. İlk dövrlərdə ədəbiyyat və islami nəşrlər sarıdan problemlər yaşanırdı. Amma tədricən bu çətinliklər də aradan qalxdı, ilk broşürlər və qəzetlərin ardı gəldi. Xüsusən də internetin inkişafı Azərbaycanın elektron KİV məkanında çox sayda dini təmayüllü saytların yaranması ilə müşahidə olundu. İndi sıravi vətəndaş, məzhəbindən asılı olmayaraq, istənilən sualına elə Azərbaycan saytları vasitəsi ilə cavab tapa bilər. Yəni kəmiyyət sarıdan şikayətlənməyə əsas yoxdur. Keyfiyyətdən isə söz açmayacam. Bu, müəllifin də məhz dini sayta aid olduğunu nəzərə alaraq, ən azından nəzakətsizlikdən xəbər verərdi. “Mustafa” tam başqadı. 

Dini saytların, elə qəzetlərin də əsas məqsədi, əsas məramı nədən ibarət olmalıdır? Və, zənnimcə, ən əsas məsələ: bəs dini saytların əhatə auditoriyası kimdən ibarət olmalıdır? Ad çəkmədən və konkretləşdirmədən bir neçə məqamı qeyd etmək istərdim.
Bəzən dini məzmunlu məqaləni bir yox, iki yox, bəlkə üç və daha çox oxumaq lazım gəlir. Axı insanda, nəhayət, nəsə anlamaq istəyi mövcuddur! Gəl ki, bəzən bu səylər də nəticəsiz qalır. Heç zad anlamırsan ki, anlamırsan. İstəyirsən müəllifə bir sual verəsən: əziz qardaşım, sən bu məqaləni yazanda qarşına hansı məqsədi qoymuşdun? Böyük ilahiyyatçı və dərin bilikli filosof olduğunu növbəti dəfə isbatlamaq istəyirdin? O zaman məmnun ola bilərsən: alındı! Amma camaata da yazığın gəlsin da! Axı bu millət sənin nə demək istədiyini başa düşməyi sidq ürəkdən arzulayır, di gəl ki… Həm də, əziz qardaşım, axı bu İslamı təbliğ etməyi, onun gözəlliyini, insansevərliyini təbliğ etməyi qarşısına məqsəd qoymuş bir KİV təmsilçisidr. Səni isə onu ya Elmlər Akademiyasının aylıq almanaxı ilə, ya da doktorluq dissertasiyası ilə səhv salmısan. Bir sözlə: dini saytda söz alan həddindən artıq “elmli” qardaşlar reytinqə və oxucu marağına ancaq mənfi təsir göstərir. Hər şey əndazısini aşanda eybəcərləşir. 
Bəzən isə dini KİV hansısa konkret, dar çərçivə ilə məhdudlaşan mövzunun dərin təhlilinə yer verir. Təbii ki, bu da bəyənilən iş deyil. Çünki bu, potensial oxucu auditoriyası xeyli azaldır. Başqa sözlə desək, fəaliyyətimizin xeyirli iş əmsalı aşağı düşür. 
Daha bir mənfi cəhət isə bəzən dini KİV-in təəssübkeşlikdən irəli gələrək şübhəli, bəzən isə aşkar yalan xəbər yaymalarıdır. Bir misal kimi İŞİD-lə bağlı məlumatları göstərmək olar. Bu terror təşkilatına da, onun sıralarında yer alan insanabənzər varlıqlara da Azərbaycan xalqının əksər hissəsi nifrət bəsləyir, bu danılmaz bir faktdır. Amma bu fakt heç kimə əsas vermir ki, baş verən hadisələri oxuculara çatdırarkən reallıqları gizlədək, bizə sərf edəni yayaq, başqa informasiyanı isə yasaqlayaq. Ötən ilin iyununda Mosul və İraqın digər əraziləri İŞİD tərəfindən işğal edildi. Bundan sonra dini təmayüllü yerli KİV-də dəfələrlə Mosulun da, başqa şəhərlərin də guya azad edilməsi haqqında məlumatlar yayıldı. Amma Mosul bu gün də terrorçuların nəzarətindədir. Qısası, dini KİV kimi imic qazanan mətbu orqanın bu imicinə ləkə gətirəcək hər bir işdən uzaq olmağı gərəkdir. Xüsusən də yalan informasiyadan, təəssübkeşlikdən qaynaqlanan xəbərlərdən. 
Sonda isə yekunlaşdıraraq, qeyd etmək istərdim: dini KİV yalnız dindarlara hesablanmamalıdır. Əksinə, o əsas oxucu auditoriyasını qeyri-dindarlar arasında aramalıdır. Zənnimcə, elə yazmaq lazımdır ki, ilk dəfə dini sayta daxil olan insan ikinci, üçüncü dəfə bura dönmək istəsin. Və belə dönmələr nəticəsini sonda verə bilər. Əlbəttə ki, bütün bunları həyata keçirərkən dindarları da, onların maraqlarını da unutmamalıyıq. Dini KİV-in ünsiyyət dili sadə, anlaşılan, cəmiyyətin dilinə uyğun olmalıdır. İslami ənənələri və ehkamları qorumaqla yanaşı, zamanın nəbzini də tutmalı, insanların problemləri ilə də yaxından maraqlanmalı, kreativliyi ilə seçilməlidir. Dini təmayüllü KİV-in əsas məqsədlərindən biri də vəhdətin yaradılmasına çalışmaq, bu istiqamətdə fəal olmaqdır. Biz cəmiyyətdə dindarlarla qeyri-dindarlar arasında nəinki sədd yaratmamalıyıq, əksinə, belə süni maneələri dağıtmağa çalışmalıyıq, cəmiyyətimizin ən azından bu göstəriciyə görə parçalanmasına yol verməməliyik. 
Zənnimcə, məhz belə olacağı təqdirdə həm fəaliyyətimiz daha səmərəli olar, həm də Allahın razılığını qazanmaq istiqamətində əməli addım atmış olarıq.
Mənbə: Milli.Az

 

17 yanvar 2015
GO BACK