Qadin.NET / Fərizənin anası:"Hələ də ürəyim əzilir"

Fərizənin anası:"Hələ də ürəyim əzilir"

 

 

Bir neçə gündən sonra Azərbaycan xalqı 20 Yanvar hadisələrindən ötən 25-ci ili qeyd edəcək. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.Qanlı şənbə günü - 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu, erməni quldur dəstələri ilə birgə Bakıya daxil olaraq dinc əhaliyə qarşı terror aktl həyata keçirdi. Nəticədə, 137 nəfər öldürüldü, 744 nəfər yaralandı. O, gecənin şübhəsiz ki, ən böyük qəhrəmanları İlham və Fərizədir. Onların sevgisi sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizə Allahverdiyevlərin toy günü belə Azərbaycan Sevgililər Günü kimi keçirilir.20 Yanvarın 25 illiyi ərəfəsində Şəhidlər xiyabanına ziyarətə gələnlər bu iki gəncin yanbayan qazılan məzarları, onların acılı taleyi qarşısında göz yaşı tökmədən keçə bilmirlər. Onların yaxınları faciənin 25 illiyi ərəfəsində hisslərini ANS PRESS-lə bölüşüblər.
Fərizənin anası Bağda Nəbiyevanın sözlərinə görə, bu faciəni üzərindən 100 il keçsə belə unutmaq mümkün deyil. 
"Mənim hələ də ağ maşının üzərindən tank keçməsi səhnəsini görəndə ürəyim əzilir. O gecə yaşanan acı xatirələr insanın yaddaşından heç zaman çıxmaz". 
Onun sözlərinə görə, İlham və Fərizə gənclərin sevgi simvoluna çevriliblər. "Onlar azadlıq uğrunda şəhid oldular. Bizim qazancımız o gecədən müstəqillik oldu. Məhz o qurbanların sayəsində biz bu gün müstəqil yaşayırıq. 
Zamanında onlara düzgün qiymət verdiyi üçün ümumilli lider Heydər Əliyevə Allahdan rəhmət diləyirik. Onun davamçısı olan İlham Əliyevə də Allah can sağlığı versin ki, torpaqlarımızı geri alsın. Onda şəhidlərimizin ruhu da şad olar". 
B. Nəbiyevə 20 yYanvar faciəsini lentə köçürən Vahid Mustafayevin filmindən də danışıb. Bağda xala faciənin unudulmaması üçün əlindən gələni edən rejissorun əməyini yüksək qiymətləndirir. "Biz mütləq faciədən bəhs edən bu filmi izləyəcəyik". 
İlham Allahverdiyevin qardaşı Elxan da bu faciənin yaddaşlarda qoyduğu izinin silinməyəcəyi deyir. "20 Yanvar faciəsi artıq 25 ildir ki, uşaqdan böyüyə kimi hamının xatirəsində dərin iz buraxan bir hadisə - qəhrəmanlıq salnaməsidir. Böyük bir imperiyanın dağılmasına bais olmuş, Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşmasının bünövrəsini qoyan bir hadisədir. Bizim ailədən də iki şəhidimiz var - İlham və Fərizə. Bu, qürurvericidir. İlham və Fərizə artıq 20 Yanvarın simvoluna çevriliblər.
Onlar Azərbaycan gəncinə, Azərbaycan xalqına bu faciə ilə bərabər 30 İyun - Sevgililər Günü bəxş ediblər". 
Onun sözlərinə görə, faciənin ildönümü ərəfəsində real hadisələr əsasında lentə alınan "Qanlı Yanvar" filmi əslində çoxdan çəkilməli idi. Vahid Mustafayev istər Qarabağ, istərsə 20 Yanvar hadisələrinin yaxından şahidi olub. Onun müasir tariximizin işıqlandırılmasında böyük əməyi var. Mən bütün ailəmiz adından belə bir filmi ərsəyə gətirdiyi üçün ona təşəkkür edirəm".
Xatırladaq ki, rejissor və ssenarist Vahid Mustafayevin "Qanlı Yanvar" filmi yanvar ayının 19-da təqdim ediləcək. 20 Yanvar günü isə Bakı, Naxçıvan, Şəki, Gəncə kimi şəhərlərdə nümayiş etdiriləcək.

Mənbə: Milli.Az

16 yanvar 2015
GO BACK