Qadin.NET / Fətvalar: Qar adamı düzəltmək, yoqa, tatu, Marsa uçmaq...

Fətvalar: Qar adamı düzəltmək, yoqa, tatu, Marsa uçmaq...

 

 

Səudiyyə Ərəbistanında din xadimi Şeyx Saleh əl-Münacidinin qar adamı düzəltməyi qadağan edən fətva verməsi böyük hay-küylə qarşılanıb. Hərçənd onun fətvası bu qəbildən olan ilk belə qərar deyil. 
Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, dünyanın müxtəlif ölkələrində din xadimlərindən qəribə qadağalar təkcə şaxta baba qadağası deyil. Belə qadağaların bəzilərini təqdim edirik: 
Qar adam (Şaxta baba) düzəltmək qadağası
 Ötən həftə Səudiyyə Ərəbəsitanında bu ölkə üçün nadir sayılan təbiət hadisəsi baş verib – ölkənin bəzi ərazilərinə qar yağıb. Çoxları öz sevinclərini qar adamı düzəltməklə ifadə etsələr də, sevincləri uzun sürməyib. Onların əl işlərinin rəsmləri sosial medianı bəzəyən kimi yerli din xadimi Şeyx Saleh əl-Münacid qardan bu şəkildə ləzzət almağı qadağan edən fətva verib. “Hətta oyun, və ya əyləncə xatirinə olsa belə, qardan heykəl düzəltmək olmaz” – Şeyx belə deyib.
​Marsa bilet almaq qadağası
Birləşmiş Ərəb Əmirliklərinin dini işlərə nəzarəti həyata keçirən İslam Məsələləri Ali Orqanının qərarına görə, əgər kimsə Marsa səfər etmək üçün bilet satın alsa, o, İslam qaydalarını pozmuş olacaq. “Orada ölmək ehtimalı sağ qalmaq ehtimalından çoxdur” – ötən il bir Holland təşkilatının 2025-ci ilədək Marsda insan məskunlaşdırmaqla bağlı planını elan etməsindən az sonra verilən fətvada belə deyilirdi.
​Döymə
Türkiyənin ali dini qurumunun rəyinə görə, bədənində silinməyən döyməsi olan müsəlman tövbə etməlidir. Ölkənin Dini İşlər İdarəsi yanvarın 8-də bildirib ki, bədənində döymə olan müsəlman mümkündürsə, onu sildirməlidir.
Hələ ötən ilin iyulunda baş nazir ikən Prezident Receb Tayyip Erdoğan qolunda döymə olan 18 yaşlı bir futbolçu ilə söhbətində bunun dəri xərçənginə səbəb ola biləcəyini söyləmişdi.
​Yoqa 
Malayziyanın Milli Fətva Şurası 2008-ci ildə verdiyi fətvada ölkə müsəlmanlarını mənşəyi iduizmlə bağlı olduğuna görə yoqa ilə məşğul olmamağı tapşırmışdı.
Yoqanın müsəlmanın inancını məhv edə biləcəyini iddia edən Şura həmçinin Hallowen və Müqəddəs Valentin günlərinin qeyd olunmasını, habelə ağır metal musiqi növünü qadağan etmişdi.
​Qadınlara velosiped sürmək qadağası 
2010-cu ildə hindistanlı bir din xadimi 13 yaşdan böyük qızların velosiped sürməsini qadağan edən fətva vermişdi. Müfti Ərşad Faruqi fətvasını onunla əsaslandırmışdı ki, qadınlar velosiped sürərkən onların əzaları daha bariz nümayiş olunur. O, həmçinin velosipedin onların bədən quruluşuna da xələl gətirdiyini bildirmişdi.
​SMS-lə boşanma olmaz
Həyat yoldaşından bir SMS göndərməklə boşanmaq qadına bu bəd xəbəri çatdırmağın heç də yaxşı üsulu sayılmaz. Amma bu, bəzi ölkələrdə həm də islama ziddir. Rusiyaya işləməyə gedən ərləri tərəfindən bir SMS, və ya bir telefon zəngi ilə boşanan qadınların heç də az olmadığı Tacikistan artıq belə ölkələrdəndir.
Dubayın İslam və Xeyriyyə Məsələləri İdarəsi də qəzəbli halda göndərilən boşanma SMS-lərini etibarsız elan edib. Hərçənd digər hallarda “boşanıram” sözünün yer aldığı yazılar etibarlı sayılır.
​"Ölməli" Mickey Mouse...
Qar adamı barədə fətvası ilə tanıdığımız Əl-Münacid 2008-ci ildə Mickey Mouse-a qarşı da fətva vermişdi. “Mickey Mouse əla personajdır, baxmayaraq ki, İslam qaydalarına görə, o, bütün hallarda öldürülməlidir”.
Əl-Münacid bir müddət sonra öz fikrinə aydınlıq gətirməyə çalışaraq demişdi ki, “Mickey Mouse öldürülməlidir” deyəndə, zərərli siçan və siçovulları nəzərdə tutub.
​Qadınlara avtomobil sürmək qadağası
Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etmələri qanunla qadağan olmasa da, 1990-cı illərdə verilmiş bir fətva ilə qadağandır. Yerli qadınlar buna etiraz olaraq, sükan başında çəkdirdikləri şəkil və videoları tez-tez sosial şəbəkələrdə paylaşırlar.
Lakin bu, heç də həmişə cəzasız qalmır. Ötən il Manal əl-Şərif adlı bir qadın belə bir video yüklədikdən az sonra həbs edilmiş və yalnız eyni əməli bir daha törətməyəcəyinə söz verəndən sonra 10 gün həbsdə qalıb azad edilmişdi.
Mənbə: Milli.Az
16 yanvar 2015
GO BACK