AFFA Gəncə futbolunun istedadlı yetirməsi Ümid Səmədovun bacarığını qiymətləndirməkdə davam edir. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qurum ötən mövsüm U-11 Liqasının bombardiri olan futbolçunu yeni sosial reklam videoçarxının siması seçib. Futbolun təbliği məqsədilə AFFA tərəfindən hazırlanan videoçarx “Sən də ulduz ola bilərsən” adlanır.
Çəkilişlər ötən ilin dekabr ayında aparılıb. Rolikin əsas hissəsi Gəncə, Samux və Göygöl rayonlarında lentə alınıb. Çarxda Ümidin atası da rol alıb. Oğlunun məşqçisi olan İlham Səmədov elə mütəxəssis rolunda çəkilib. Sujet xəttinə əsasən, qoyun otaran azyaşlı çoban kimi təsvir olunan uşağı İlham müəllim kənddə kəşf edərək şəhərə gətirir və onu böyük futbola hazırlayır. Reklam çarxının yekun hissəsi Bakıda lentə alınıb və burada Ümid artıq böyümüş peşəkar futbolçu kimi təqdim olunub.
Xatırladaq ki, Səmədov 2013/2014-cü il mövsümündə 43 qol vurmaqla diqqətləri özünə cəlb edib və bombardir kimi AFFA tərəfindən mükafatlandırılıb. B kateqoriyalı İlham Səmədovun baş məşqçi olduğu “Gəncə” komandasının üzvü ötən mövsüm həm də Nizami yurdunun təmsilçisinin ölkə birinciliyində bürünc medalları qazanmasında pay sahibi olub. Ümid cari mövsümdə U-12 Liqası ilə yanaşı, özündən böyüklərlə U-13 və U-14 liqasında top qovur. Və yenə qolları sıralamaqda davam edərək mövsümün bombardiri olmağa əsas namizəddir.
Mənbə: Milli.Az