Yanvarın 14-də Türkiyə istehsalı olan nodulyar dermatit adlı virus xəstəliyi əleyhinə istifadə olunan vaksinlər ölkəmizə gətirilib.
Kənd Təsərrüfatı Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, 2014-cü ilin yay və payız aylarında ölkəmizin 35 rayonunda nodulyar dermatit adlı virus mənşəli xəstəlik müşahidə olunmuş və 6040 baş heyvan bu xəstəliyə yoluxmuşdu. Onlardan 5781 başı tam sağalmış, 259 başı isə yanaşı gedən xəstəliklərin təsirindən tələf olmuşdu.
Bütün yay və payız ayları ərzində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışmaqla, bütün bölgələrdə ilkin baytarlıq yardımı göstərmişdi.
Xəstəlik ilk dəfə ölkəmizdə qeydə alındığında onun vaksinin olmadığı üçün Türkiyə dövləti ilə müqavilə bağlanılmış və xəstəliyin ştammına uyğun vaksin istehsalına start verilmişdi.
Bu vaksinlər 12 milyon doza miqdarında olmaqla artıq 8 milyon doza ölkəmizə gətirilmiş və soyuducusu olan anbara təhvil verilmişdi. Vaksinlər hələlik anbarda saxlanılacaq və Kənd Təsərrüfatı Nazirliyinin bölgüsünə əsasən profilaktiki məqsədlə fevralın 15-dən sonra xəstəlik qeydə alınmış bölgələrə paylanılacaq və heyvanlar arasında peyvəndləməyə start veriləcək.
Xəstəlik qeydə alınmış rayonlarla dağlıq və dağətəyi bölgələr arasında bufer zonanın yaradılması nəzərdə tutulur.
Nazirlikdən bildirilib ki, ölkəmizdə xəstəliklə əlaqədar vəziyyət sabitdir, yeni xəstə heyvanlar qeydə alınmayıb və epizootik vəziyyət tam nəzarət altındadır.