Tezliklə Bakı və Sumqayıt şəhərləri arasında elektrik qatarları işə düşəcək. ANS TV-nin məlumatına görə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakı və Sumqayıt şəhərləri arasında elektrik qatarlarının işə düşməsi üçün danışıqlar aparır. Bu danışıqlar tıxaclardan yorulan və daha rahat şəkildə mənzil başına çatmaq istəyənlərin ürəyincə olacaq. Yeni qatarlar sürətinə, rahatlığına və qrafikinə görə əvvəlkiləri çox geridə qoyacaq.Qatarlar ilk növbədə Bakı və Sumqayıt arasında işləyəcək. Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov hazırda yeni qatarların alınması üçün müxtəlif banklarla danışıqlar həyata keçirdiklərini bildirib. Onun sözlərinə görə, yeni qatarlar əvvəlkilərdən bir çox xüsusiyyətlərinə görə fərqlənəcək. O yollardakı təmir başa çatandan sonra qatarların gediş-gəlişinin 4 və ya 6 dəfə olacağını bildirib.Hazırda Abşeron yarımadası daxilində və regionlara elektrik qatarları işləyir. Onların köhnə və istismara yararsız olduğundan tezliklə həmin ərazidə də müasir qatarların hərəkəti nəzərdə tutulub. Bu qatarlar gün ərzində 800-1000 nəfər sərnişin daşınmasını həyata keçirəcək.
Mənbə: ANS PRESS