Qadin.NET / Dubaydan telefon sifariş vermək çətinləşdi

Dubaydan telefon sifariş vermək çətinləşdi

 

Yanvarın 9-dan etibarən Bakı Gömrük İdarəsi xarici e-ticarət saytlarının Azərbaycan üzərindən fərdi müştərilərə satdığı telefonların ölkəyə daxil olmasına qadağa qoyub.
Qaynar.info-nun verdiyi xəbərə görə, bu qadağadan ən çox əziyyət çəkən from.ae və myphone.ae saytlarının alıcıları olub.
Çoxsaylı sifarişlər yoxlama adı ilə saxlanılıb. Artıq adıçəkilən saytların sosial şəbəkələrdəki səhifələrində böyük ajiotaj yaşanır.
Əldə etdiyimiz son məlumata görə, Gömrük İdarəsi bu addımını əsaslandırmaq üçün, hansısa araşdırmaların getdiyini bildirib. Guya bu telefonların alıcılar tərəfindən ticari məqsədlərlə alınıb-alınmadığını yoxlamaq istəyirlər. 
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N305 qərarının 2.1.4 maddəsinə uyğun olaraq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar üçün gömrük rüsumu tətbiq olunmur.
Deməli, bu məbləğdən artıq olan sifarişlər üçün isə müştəri müəyyən edilmiş faizlə gömrük rüsumu ödəməlidir. İndiki halda isə sifarişlərin böyük qismi 300-500 civarında olduğu üçün bu məhsullardan nəinki gömrük rüsumu tələb etmək, hətta saxlamaq belə qadağandır. Qanunla qadağan olunmamış istənilən məhsulun məbləği bir sifarişçinin timsalında 1000 ABŞ dollarından çox deyilsə, onu saxlamaq olmaz. Məhz bu amilə görə də, uzun müddət idi ki, gömrük e-ticarət saytlarının qarşısını necə almaq barədə baş sındırır, yollar axtarırdı.
Qeyd etmək yerinə düşər ki, adıçəkilən saytların telefon və digər məhsullar üçün təqdim etdiyi qiymətlər Azərbaycan bazarı ilə müqayisədə bir neçə dəfə ucuz idi. Son vaxtlar e-ticarətin populyarlaşması, alıcının bu kimi saytlara inamının artması fonunda dökanlar və şirkətlər milyonlarla pul itirirdi. Əvəzində istehlakçı hüquqları qorunmuş olur, saxta qiymət bahaçılığına alternativ yaranmış olurdu.
Əgər hər hansı sifarişçi bu saytlardan telefonu, kompüteri və ya hər hansı başqa məhsulu ticari məqsədlər üçün əldə edirsə, gömrüyün kömpüter sistemi bunu qeydə almalı, onun aylıq sifarişlərinin məbləği 1000 dolları keçəndə rəsmi rüsum alınmalıdır. Çünki bütün sifarişlər ölkəyə daxil olarkən orada sifarişçi ilə bağlı bütün məlumatlar öz əksini tapır. 

Mənbə: Milli.Az

 

14 yanvar 2015
GO BACK