Ötən gün ölkədə benzin və dizelin qiymətinin artımı nəqliyyat daşımada qiymətlərin artacağı ehtimalını yaradıb. Xüsusilə, taksi və avtobusların sərnişin daşıma qiymətlərində gözlənilən bahalaşma metroya da təsir edəcəyi ehtimal olunur. Taksi və avtobuslarda bahalaşma olacağı təqdirdə metroya olan tələbat daha da artacaq. Bu vəziyyət isə artıq indidən metroda gediş haqqında artım olacağı ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə ANS PRESS-ə açıqlamasında məsələyə aydınlıq gətirib.
O bildirib ki, metronun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunmayıb və ümumiyyətlə bu məsələ "Bakı Metropoliteni"ndə müzakirə edilmir.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.
Mənbə: ANS PRESS