“Kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir” bu sözləri ölkə başçısı İlham Əliyev ötən ildə görülən işlərin hesabatını verərkən işlədib. Ölkəmizin bir çox sahələrdə əldə etdiyi uğurlardan danışan prezident, Qarabağ münaqişəsinin bu il də həllini tapmamasından təəssüfləndiyini, Dağlıq Qarabağın hələ də problem kimi qalmasında maraqlı qüvvələrin də olduğunu söyləyib.
“Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir” - deyə İlham Əliyev bəyan edib.
ANS TV-nin məlumatına görə, prezident İlham Əliyev geridə qoyduğumuz 2014-cü ili ölkəmiz üçün uğurlu il kimi qiymətləndirib. Ötən il dünyada və bölgədə müxtəlif proseslərin gedərək, gərginliyin artdığı bir dövrdə Azərbaycanın sürətli inkişaf tempini saxlaya bilməsinə diqqət çəkən prezident təhlükəsizliyin təmin olunması, eləcə də icra olunan iqtisadi və sosial proqramlardan danışıb. Əldə etdiyimiz uğurlarla yanaşı Dağlıq Qarabağ probleminin həllinə hələ də nail ola bilməməyimizdən təəssüflənən dövlət başçısı münaqişənin sülh yolu ilə həllinə Ermənistanın maraqlı olmamasını deyib. Həmçini problemin həll olunmamasında beynəlxalq təşkilatları da qınayıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Heç biri 20 ildən çoxdur ki, icra edilmir: “Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Görünür ki, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər: “Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər”.
Ötən ili beynəlxalq əlaqələrimizin genişlənməsi baxımından da yüksək qiymətləndirən prezident İlham Əliyev deyib ki, biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, üzv olmadığımız təşkilatlar qarşısında əlbəttə ki, bizim heç bir öhdəliyimiz ola bilməz: “Və ikitərəfli formatda heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir”.
Müşavirədə çıxış edən ölkə başçısı söyləyib ki, bu il ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrıldığını da qeyd edərək, hərbi xərclərə ayrılan vəsaitin Ermənistanın ümumi büdcəsindən iki dəfə çox olduğunu da vurğulayıb. Prezident əminliklə söyləyib ki, nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar, Azərbaycanın sürətli inkişafına təsir edə bilməyəcək.
Mənbə: ANS PRESS