Qadin.NET / "Kompüter oyunlarında uduzan uşaq..."

"Kompüter oyunlarında uduzan uşaq..."

 

Bu gün kompüter oyunları klassik oyunları geridə qoyaraq uşaqların böyük marağına səbəb olub. 
Hətta nəinki uşaqlar, bəzən böyüklər də o oyunların sehrinə düşür, növbəti mərhələni də udmaq üçün kompüter və ya telefon, planşetdən gözlərini çəkə bilmirlər. Günü-gündən artan, yeni versiyaları yaradılan bu oyunlar hansı fəsadları törədə bilər?
Psixoloq Elnur Rüstəmov bu fəsadlar barədə Modern.az-a danışdı:
“İnternetdə, ümumiyyətlə, kompüterdə elə oyunlar var ki, uşaqlarda məntiqi təfəkkürü, yaradıcı təfəkkürü, diqqəti möhkəmləndirmək üçün tətbiq olunur və yaxşı da nəticə verir. Ancaq elə oyunlar var ki, o uşaqda asılılıq, müxtəlif psixoloji problemlərə yol açır. Biz hər zaman valideynlərə tövsiyə edirik ki, diqqət eləsinlər uşaqlar kompüterdə nə kimi oyunlar oynayırlar. Çox təəssüflər olsun ki, bu gün rastlaşırıq ki, çox yaşı olmasa da, uşaqlar müxtəlif döyüş oyunları və yaxud avtomobil idarəetmə kimi ağır oyunlar oynayırlar. Bu isə onların psixoloji durumuna çox mənfi təsir göstərir. Uşaq aqressiv olur, uduzanda narahatçılığını ifadə edir və s. bu cür hallar keçirir. Əlbəttə, bu situasiyada bir az diqqətli olmaq lazımdır. Əks təqdirdə uşaqlarda bir çox problemlər yaranır. O cümlədən fobiyalar. Uşaqda adaptasiya prosesi çətin gedir, o, cəmiyyət içərisində özünü adekvat aparmır, rahat olmur, uyğunlaşa bilmir. Bu cür fəsadlara gətirib çıxarır. Xüsusən internetə çıxışı olan kompüterlər var, ailələr burada xüsusilə diqqətli olmalıdırlar ki, uşaqlar hansı proqramlara, hansı sayta girirlər. Onlara da nəzarət eləsələr, yaxşı olardı”.

Mənbə: Milli.Az

 

12 yanvar 2015
GO BACK