ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətinin 1990-cı ilin Qanlı Yanvar hadisələri barədə məlumatlandırılması üzrə hər il keçirilən yazılı kampaniyaya başlayıb. Şəbəkənin hazırladığı müraciətdə “Human Right Watch” hüquq müdafiə təşkilatının “Azərbaycanda Qanlı
Yanvar” adlı hesabatından faktlar göstərilir, habelə sovet ordusu tərəfindən qətlə yetirilmiş dinc Bakı sakinləri barədə statistik məlumatlar verilir. Müraciətdə deyilir ki, 1990-cı il yanvarın 20-də 26 min nəfərlik sovet qoşunları kontingenti Bakını işğal edərək şəhərin dinc əhalisini qırıb və nəticədə 147 nəfər həlak olub, xeyli adam itkin düşüb. Müraciətdə qeyd edilir ki, Sovet qoşunlarının Azərbaycandakı günahsız vətəndaşlara qarşı hücumu 1986-cı ildə Qazaxıstanda və 1989-cu ildə Gürcüstanda dinc əhali arasında törədilmiş qırğının davamı idi. “Qanlı Yanvar”dan sonra 1991-ci ildə Litvada qırğın davam etdirildi.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinə, mətbuatına və bu ölkənin qanunvericilərinə müraciətində bildirilir ki, 1990-cı ilin 20 Yanvar hüzn günü həm də, Azərbaycanda sovet hakimiyyətinə son qoydu. Müraciətdə deyilir: “Azərbaycanda 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında matəm səhifəsi kimi qaldı, lakin bu hadisələr həm də növbəti, 1991-ci ildə respublikamızın müstəqilliyinin elan edilməsinə səbəb oldu. İndi, iyirmi beş ildən sonra da Qanlı Yanvar öz mahiyyətini itirməyib. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakı şəhərindəki Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad edir”.
Yazılı kampaniya vasitəsilə ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerika ictimaiyyətinə 20 Yanvar hadisələri barədə məlumat verir, ölkənin qanunvericilərini bu amansız aksiyanı rəsmən pisləyən qətnamələr qəbul etməyə çağırırlar.
Mənbə: ANS PRESS