Qadin.NET / Yüksək sürüşmə təhlükəsi olan ərazilərin adları açıqlandı

Yüksək sürüşmə təhlükəsi olan ərazilərin adları açıqlandı

 

Azərbaycanda yüksək sürüşmə təhlükəsi olan ərazilərin adları açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisiMirnuh İsmayılov Trend-ə bildirib ki, 2014-cü ildə quraqlıq olduğundan İsmayıllının Muğanlı kəndindəki sürüşmə sahəsi istisna olmaqla, sürüşmə sahələrində elə də güclü aktivləşmə olmayıb. Ancaq yaz aylarında yenidən sürüşmə sahələrinin aktivləşəcəyi gözlənilir. Bu aktivləşmələrin xüsusilə Böyük Qafqazın cənub-şərq yamacında olacağı proqnozlaşdırılır. 
Böyük Qafqazın cənub-şərq yamacının Azərbaycanın ən aktiv sürüşmə zonası olduğunu deyən M.İsmayılovun sözlərinə görə, ölkənin bu hissəsində sürüşmə baxımından çox təhlükəli sahələr - yollar, yaşayış məntəqələri var. 
İnstitut işçisi qeyd edib ki, yüksək sürüşmə təhlükəsi olan ərazilər ölkədəki bütün dağlıq əraziləri əhatə etmir: “Ən çox sürüşmə sahələri Böyük Qafqazın cənub-şərq və şimal-şərq yamacları, Böyük Qafqazın cənub yamacında Girdimancay dərəsindədir. Quba, Qusar, Qobustan, Şamaxı, İsmayıllı əraziləri sürüşmə təhükəliliyinə görə çox öndə gedən rayonlardır. Amma digər rayonlarda – Göygöl, Lerikdə, Goranboyun dağlıq hissəsində də sürüşmələr olur. Amma sürüşmələr bu ərazilər üçün xarakterik deyil, burada kiçik sürüşmələr müşahidə edilir”. 
M.İsmayılov deyib ki, Şamaxının Muğanlı kəndi və onun ətraf sahələrindəki ümumi ərazinin 61,5 faizi yüksək və çox yüksək sürüşmə təhlükəsi olan ərazidir.
Onun sözlərinə görə, Muğanlı kəndində 120-yə yaxın ev qəzalı vəziyyətə düşüb. Onların 59-u artıq yeni salınan yaşayış sahəsinə köçürülüb. Qalan evlərin köçürülməsi prosesi hazırda davam edir. 
Tədqiqatçı əlavə edib ki, ölkənin digər sürüşmə sahələrindən fərqli olaraq, Muğanlı kəndində sürüşmələr tədricən baş verir və lay süxur kütlələri kifayət qədər rütubətli olduqda yamac boyu aşağıya doğru - cənub-qərb və cənub-şərq istiqamətində sürüşməyə məruz qalır. Ərazidə xüsusi cihazlarla aparılan tədqiqatlar zamanı məlum olub ki, burada sürüşmənin gündəlik sürəti 1,5-2 sm-ə çatır: “Bu sürət demək olar ki, dəyişmir. Arada aktivləşmə ilə əlaqədar sürət artır. Ancaq sakit dövrdə sürüşmə davam edir”.
Mənbə: Milli.Az

 

8 yanvar 2015
GO BACK