Qadin.NET / Bakıda çovğun olacaq!

Bakıda çovğun olacaq!

 

 

Yanvarın 10-dək Azərbaycanda hava şəraiti çox kəskin dəyişəcək, havanın temperaturu 10-15 dərəcə düşəcək, çovğun olacaq, soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, Bakı və Abşeron yarımadasında yanvar ayının 7-si gecəyə doğru hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Yanvarın 8-9-da havanın temperaturu ötən günlə müqayisədə 10-15 dərəcə düşəcək. Yanvarın 8-də, 9-u gecə və səhər saatlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 8-də şimal küləyinin şiddətlənəcəyi və çovğun olacağı ehtimalı var.
Havanın temperaturu yanvarın 8-də gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 1-4 dərəcə şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 10-dək hava şəraitinin şaxtalı, qarlı keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı gözlənilir. Bəzi rayonlarda qərb küləyi güclənəcək. Yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, qeyd olunub ki, yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15 dərəcə aşağı düşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir.
Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və yanvarın 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.

Mənbə: Milli.Az

7 yanvar 2015
GO BACK