Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, respublikanın baş infeksionisti Namiq Əliyev bildirib. Namiq Əliyev deyib ki, qış mövsümündə insanlar arasında mövsümü qrip yayılıb. Onun sözlərinə görə, ötən dövrlərlə müqayisədə kəskin respirator virus 1-2 % artıb. Baş infeksionist qeyd edib ki, ümumilikdə hazırda qriplə bağlı vəziyyət təhlükəli deyil: “Hazırda insanlar arasında müşahidə olunan virus A qrupuna daxil olan virusdur. Bu da qripin adi formasıdır və boğaz ağrısı, öskürmə, hərarətlə özünü büruzə verir. Bu qrip 7-8 gün davam edə bilər”.
N.Əliyev qripdən qorunmaqla bağlı müraciət edib. O qeyd edib ki, qrip vaxtında müalicə olunmazsa, xroniki-bronxit, ağciyərin ikitərəfli iltihabı, nadir hallarda pnevmoniya və bu kimi digər xəstəliklərə səbəb ola bilər. Buna görə də immuniteti zəif olan, özlərində narahatlıq hiss edən insanlar vaxtında həkimə müraciət etməlidirlər ki, nəticəsi pis olmasın.