Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olanların ailələrinə Prezident təqaüdünün təyin olunmasına başlanılıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, prezident İlham Əliyevin 2014-cü il 11 avqust tarixli “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı cari il yanvarın 1-dən qüvvəyə minib.
Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan hərbi qulluqçuların ailə üzvlərinin müraciətləri əsasında onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunmasına başlanıb. Aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilir və onların sayına bərabər bölünməklə ödənilir. Respublikadan kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülə bilər.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, sözügedən təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Müraciət edilərkən təqdim edilməli sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt-bölümündə yerləşdirilib.
Mənbə: ANS PRESS