Qadin.NET / Girovlarımızı burda tuturlar

Girovlarımızı burda tuturlar

 

Girovlarımızı burda tuturlar

Kəlbəcərdə ata-baba yurdunu ziyarət edərkən Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində Ermənistanın "məhkəməsi"nin çıxardığı qərar ölkəmizdə hamını hiddətləndirdi! Ermənistan tərəfi həmyerlilərimizdən birinə 22 il, digərinə isə ömürlük həbs cəzası təyin etdi. Azərbaycan isə Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaq üçün əlindən gələni edir. Beynəlxalq ictimaiyət isə hələ susur.
ANS TV-nin məlumatına görə, Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmaları ilə bağlı Azərbaycan tərəfi Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır. Bunu Dilqəm Əsgərovun qardaşı Sahib Musayev mətbuata açıqlamasında bildirib. O, deyib ki, Avropa Məhkəməsinə müraciətlə bağlı bütün sənədləri hazırlanıb və Nazirlər Kabinetindəki şöbəyə təqdim edilib. İşlərə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun özü nəzarət edir. Yanvarın 7-də müraciət Avropa Məhkəməsinə göndəriləcək.
Bəli, girovların qohumları ədaləti Avropa Məhkəməsindən gözləyir. Avropanın və Amerikanın mövqeyi isə göz qabağındadır. Kəlbəcərdə girov düşən girovlarımızla bağlı iyun ayından bu yana nə münaqişənin tənzimlənməsində rolu olan dövlətlər - ATƏT-in həmsədr ölkələri, nə də ABŞ bir iradə ortaya qoyublar. Əksinə, ATƏT-in həmsədrləri bu məsələdə ən yaxşı halda standart cavabla kifayətləniblər. Çox vaxt isə məsələni şərh etməyiblər. Eynilə Birləşmiş Ştatların dövlət rəsmiləri kimi. Hər halda müxbirimiz son bir ayda azı üç dəfə ABŞ Dövlət Departamentindən bu məsələyə münasibət öyrənməyə çalışıb və hər dəfə də eyni cavabla, daha doğrusu cavabsızlıqla üzləşib.
Girovlarımız isə yeni ildən Şuşa həbsxanasındadır. 1992-ci ildə ANS-in çəkiliş qrupu Şuşa həbsxanasında olarkən çəkiliş etmişdi. O zaman həbsxana da bizimki idi, rəis də, məhbus da. 
İndi Şuşa həbsxanasında heç nə və heç kim bizim deyil. Heç Dilqəmlə Şahbaz da... Onların bizim olması üçün yenə də Avropa Məhkəməsinin ətəyindən yapışmışıq. O ətəkdə namaz qılmağın mümükün olmadığını bilə-bilə...

Mənbə: ANS PRESS

 

6 yanvar 2015
GO BACK