Astroloq Səbuhi Rəhimli Yeni qədəm qoyduğumuz 2015-ci illə bağlı maraqlı proqnozlar verib. O, Kəlbəcərli girovlar bu il qaytarılacağını, 4 nazirin öz postunu tərk edəcəyini, 15-ə yaxın icra başçısının dəyişdiriləcəyini proqnoz verib.
Keçi ilinin gəlişinin fevralın 19-na təsadüf edəcəyini deyən astroloq, ilin aparıcı bürclərinin Oxatan və Balıqlar olacaq, aparıcı işarələrinin Keçi, Pişik, Qaban olduğunu qeyd edib.
ANS PRESS astroloqun asiya.az-a verdiyi müsahibənini bir hissəsini təqdim edir:
-Qarşıdan Keçi ili gəlir və dəqiq il nə vaxt daxil olur?
-Çoxları ili yanvarın 1-dən hesablayır, ancaq bu, yanlışdır. Yanvarın 1-i yalnız miladi təqvim dəyişir. Astronomik il isə Yuputerin hərəkətinə əsaslandığı üçün, Sutökən bürcü dövründə (20 yanvar-19 fevral) dəyişir. Bu dəfə isə Keçi ili fevralın 19-na təsadüf edəcək. O vaxta qədər At ilinin himayəsində olacağıq.
-Bu il necə xarakterizə olunur?
-Bildiyiniz kimi At illəri daha çox siyasi olaylarla zəngin keçir. Keçi ili isə bir az fərqlidir. At ilində başlanmış siyasi məsələlər Keçi ilində tədricən həll olunur. Keçi həm də incəsənət, xüsusən də teatral simvol kimi xarakterizə olunur, həmçinin lider kimi də rəmziləşdirilir. Keçi ilində mütləq yeni siyasi xadimlər meydana çıxır.
-Bu ilin rəmzləri, simvolları nələrdir?
-Yuxarıda dediyim kimi Keçi ili fevralın 19-u başlayacaq və 2016-cı ilin 7 fevralına qədər davam edəcək. İlin aparıcı planeti Yupiter, uğurlu ayları mart, dekabr, uğursuz ayları iyun, sentyabr, düşərli günü: bazar ertəsi, cümə axşamı, ağır günü: çərşənbə, şənbə, aparıcı zodiac illəri Keçi, Pişik, Qaban, rəngi göy, yaşıl, bənövşəyi olacaq.
-Keçi tərs heyvandır. Bu ildə bizləri hansı tərsliklər gözləyir və Azərbaycanı hansı siyasi proseslər gözləyir?
-Yalan vədlər verilərsə, unutqanlıqlar olarsa, tərsliklər ola bilər. Keçi ilində bahalaşma təbii olaraq gedir. Böhranlı vəziyyət özünü daha çox büruzə verir. Köhnə dövrdə olan münaqişələr Keçi ilində daha da dərinləşir.Bu il də bir çox dəyişikliklər gözlənilir. “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova ən yaxşı halda mart ayına kimi həbsdə qalacaq. Müsavat Partiyasında daxili çəkişmələr səngiyəcək, Dağlıq Qarabağla bağlı yenə də üstünlük bizdə olacaq, amma hansısa ərazinin qaytarılması baş verməyəcək. Əli İnsanovun həbsdən azad olunması yaza qədər baş verə bilər. Əgər olmazsa həbsdə qalmağı uzanacaq.
-Bu il Azərbaycanda Parlament seçkiləri ilidir. Bu seçkilərlə bağlı hansı proqnozlarınız var?
-Parlament seçkiləri bu vaxta qədər olan seçkilərindən kəskin surətdə fərqlənəcək. Hətta yeni bir hərəkatın yaranacağı gözlənilir. Daxildə üçüncü bir qüvvə meydana gələcək. Uzun illər millət vəkili olanların 40%-i bu dəfə seçilməyəcək. Nazir ranqlı 4 vəzifəli məmurr öz postunu tərk edəcək. 15-ə yaxın icra başçısı dəyişdiriləcək. Hazırkı deputatlardan bir çoxu yüksək vəzifələrə təyin olunacaq.
-Bu il incəsənət ili olacağını deyirsiniz. İncəsənət sahəsində hansı yeniliklər olacaq?
-Yeni televiziya kanalları, yeni teatrlar, filmlər yaranacaq. Bundan başqa dünya arenasına çıxacaq filmlərimiz, müğənnilərimiz olacaq.
-Ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə hansı münasibətləriniz olub? Onlarla bağlı nə deyə bilərsiz?
-Onu deyim ki, mən könüllü olaraq müharibədə iştirak etmişəm. Şahbaz Quliyev də, Dilqəm Əsgərov da ağır döyüş yolu keçmiş qəhrəmanlardır. Dilqəm 1998-ci ildən Kəlbəcərə gedib-gəlirdi. Hər dəfə onlar gedəndə dualar edirdik ki, bir şey olmasın. Təəssüf ki, sonuncu dəfə alınmadı. Bu sırf siyasi qərar olduğu üçün proqnozlaşdırmaq çətindir. Lakin bütün astroloji mənbələr onların bu il geri qaytarılacağını göstərir.
-Bu il hansı hansı bürcdə doğulanlar üçün uğurlu, hansılar üçün uğursuz olacaq?
-İlin aparıcı planeti Yupiter olduğuna görə, bu planetin himayəsində aparıcı bürclər Oxatan və Balıqlar olacaq. Necə deyərlər, “sükan” onların əlində olacaq. Ümumi götürsək, Od (Qoç, Şir, Oxatan) və Su ünsüründən olanlar (Xərçəng, Əqrəb, Balıqlar) üçün daha uğurlu olacaq. Amma əsas olan budur ki, Keçi ilinin oyun qaydalarına riayət edən hər kəs bürcündən, ilindən asılı olmayaraq uğurlara imza ata biləcək.
-Dünyanı qorxuya salan “Ebola” virusu, İŞİD haqqında proqnozlarınız necədir?
-Əslində “Ebola” virusunu mən daha çox siyasi təzyiq kimi dəyərləndirirəm. İnşallah, yaz aylarından bu virusun dayanacağı gözlənilir. İŞİD barədə isə vəziyyət gərgin olaraq qalacaq. Bu hərəkat 2015-ci ildə daha da geniş əraziləri əhatə edəcək. Əslində İŞİD də ABŞ-ın ssenarisidir. Amerika dünyanın ən təhlükəli terrorçularını məhz bu quruma cəlb edib.
Mənbə: ANS PRESS